İsrail ABŞ bombaları ilə Qəzzadakı məktəbləri bombalayır

İnsan Hüquqları Müşahidəçisi Təşkilatı (Human Rights Watch) yeni hesabatında bildirib ki, İsrail ordusu ABŞ istehsalı olan sursatlardan istifadə edərək Qəzzada fələstinli mülki vətəndaşların sığındığı ən azı iki məktəbə hücum edib. Bu hücumlar beynəlxalq hüququn pozulması sayılır.

İnsan Hüquqları Müşahidəçisi Təşkilatı bu gün (cümə axşamı) dərc etdiyi hesabatda bəyan edib ki, İsrail Qəzza zolağına hücumları zamanı ABŞ istehsalı GBU-39 bombalarından istifadə edərək qanunsuz şəkildə məktəbləri hədəfə alıb. Təşkilat bu hücumları “qeyri-qanuni və hərbi hədəflərlə mülki hədəflər arasında fərq qoyulmadan həyata keçirilmiş” aktlar kimi qiymətləndirib ki, bu da beynəlxalq hüququn pozulmasıdır.

Hesabatda 2024-cü ildə baş vermiş iki konkret hücuma istinad olunur:

Birinci hücum 27 iyul 2024-cü ildə Deyr əl-Bəlah şəhərində yerləşən “Xədicə” qızlar məktəbinə edilmiş və azı 15 nəfər həyatını itirmişdir.

İkinci hücum isə 21 sentyabr 2024-cü ildə Qəzza şəhərindəki “Zeytun” məktəbinə olmuş və nəticədə 34 nəfər şəhid olmuşdur.

Sionist rejim bu hücumlarla bağlı indiyədək heç bir məlumat açıqlamayıb. İsrail tənqidlərə cavab olaraq bildirib ki, guya bu məktəblər HƏMAS qüvvələrinin gizləndiyi yerlər olub. Lakin Human Rights Watch bu iddianın heç bir sübutla əsaslandırılmadığını və hücum günlərində həmin məktəblərdə hərbi hədəf olduğuna dair heç bir dəlilin təqdim olunmadığını bildirib.