Olimpiya rəsmiləri Paris 2024-ün açılış mərasimindən sonra dini liderləri sülhə çağırıb

Bir qrup inanclı 4 avqust 2024-cü il bazar günü Parisdəki Notr-Dam Katedralinin qarşısında dinlərarası tədbirə toplaşıb.

Açılış mərasimində drag-queenlərin, transgender modelin və Yunan şərab tanrısı Dionis kimi geyinmiş çılpaq müğənninin çıxışları qəzəb doğurub.

Dini liderlər "iman və idmanın bir-birini tamamlaya biləcəyini" qeyd etmək üçün bazar günü səhər Parisdəki Notr-Dam Katedrali qarşısında Olimpiya rəsmiləri ilə görüşüblər.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxın və Paris Olimpiadasının Təşkilat Komitəsinin prezidenti Toni Estanqenin də iştirak etdiyi tədbirdə Bax dini liderləri sülhə çağırıb.

BOK prezidenti Bax görüşdə deyib: "Əsl Olimpiya ruhunda inancınızdan asılı olmayaraq hamınıza müraciət edirəm. Gəlin biz də idmançıların sülh çağırışına qoşulaq".

Mərasimin Notr-Damda keçirilməsi müasir Olimpiadanın banisi Pyer de Kuberten tərəfindən bir əsr əvvəl Parisdə keçirilən dini liderlərin ilk toplantısına ehtiram idi.

Keçən həftə Sena çayında keçirilən möhtəşəm açılış mərasimi dünya xəbərlərini gündəmə gətirib. “Leonardo Da Vinçinin məşhur “Son Şam yeməyi” rəsminin parodiyası” olduğu iddia edilən Olimpiya Oyunlarının açılış mərasimində LGBT mövzulu təqdimatın yer alması xristianlığın ələ salındığını düşünən dini mühafizəkarların reaksiyasına səbəb olub.

Paris 2024-ün sözçüsü Anne Descamps mətbuat konfransında üzr istəyib: "Aydındır ki, bizim heç bir dini qrupa hörmətsizlik etmək niyyətimiz olmayıb. Açılış mərasiminin məqsədi sosial tolerantlığı qeyd etməyə çalışmaqdır".

Mərasimdəki mübahisəli ardıcıllığın Leonardo da Vinçinin Hz. İsanın şagirdləri ilə yediyi yeməkdən bəhs edən Son Şam yeməyi adlı tablonun parodiyası olduğu iddia edilir.

Təşkilatçılar bu ittihamları rədd edərək, “onların heç kimi təhqir etmək və ya dini dəyərləri alçaltmaq niyyəti olmadığını” bildiriblər.