Növbəti antirekord: Yeni Siyasi Məhbus siyahısında 216 inanclı yer aldı

 

İyunun 14-də Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yeni siyahısını açıqlayıb. Siyahıya 303 nəfərin adı daxil edilib.

Bu, siyahıda  siyasi məhbuslar martın 18-də dərc edilən rəqəmdən 16 nəfər çoxdur. Siyahıdan iqtisadçı alim Qubad İbadoğlunun adı çıxarılıb. Belə ki, onun barəsində həbs qətimkan tədbiri polisin nəzarətinə verilmə tədbiri ilə əvəz edilib. Amma cinayət təqibinə son verilməyib.

303 siyasi məhbus 8 qrupa ayrılıb.

1-ci qrupa 20 nəfər jurnalistlər və blogerlərin, 2-ci qrupa 3 nəfər hüquq müdafiəçisinin, 3-cü qrupa 28 nəfər müxalifət partiyalarının və hərəkatlarının üzvlərinin, 4-cü qrupa 5 nəfər Almaniyadan deportasiya edilmiş siyasi mühacirin, 5-ci qrupa 216 nəfər dindarın, 6-cı qrupa 7 nəfər “Tərtər işi" üzrə mühakimə olunanların, 7-ci qrupa 13 nəfər "Gəncə işi” üzrə mühakimə olunanların, 8-ci qrupa 11 nəfər ömürlük məhkumların adı daxil edilib.

Siyahını keçmiş “vicdan məhbusları” - Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov hazırlayıb.

2000-ci illərin əvvəllərindən ilk dəfə olaraq Azərbaycanda siyasi məhbus hesab edilən şəxslərin sayı 300 nəfəri ötüb.

Azərbaycanda son aylarda fəalların və jurnalistlərlərin həbsi çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Ümumilikdə isə rəsmi Bakı siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.