Tramp $354.9 milyon cərimə ödəməlidir, Nyu Yorkda 3 il biznes işlədə bilməz

NYU YORK — Donald Tramp öz varidatı haqda dövlət orqanlarına saxta məlumat verdiyinə görə $354.9 milyon dollar cərimə ödəməlidir. Nyu York ştat hakiminın verdiyi son hökm sabiq ABŞ prezidentinin uduzduğu növbəti məhkəmə işidir.

Hakim Artur Enqoron habelə Trampa Nyu York ştatında hər hansı korporasiyada rəhbər vəzifədə işləməyi qadağan edib.

Enqoron Trampın daşınmaz əmlak biznesinin bünövrəsini təşkil edən şirkətlərin buraxılması haqda ötən sentyabrda çıxardığı hökmü ləğv edib. Belə ki, indən belə Trampın bizneslərinə müstəqil monitor və riayət direktoru nəzarət edəcək.

Öz hökmündə Enqoron qeyd edib ki, Tramp və bu məsələdəki digər müttəhimlər “öz nöqsanlarını etiraf etməkdən boyun qaçırırlar.”

“Onların peşmançılıq və təssüflənmə hissindən xali olmaları patoloji səviyyədədir,” Enqoron yazıb.

Nyu York ştatının baş prokuroru Letitia Ceyms Tramp və onun ailə bizneslərini banklardan daha yaxşı şərtlər altında borc almaq məqsədilə öz vəsaitlərinin məbləğini $3.6 milyard dollaradək şişirtməkdə günahlandırıb.

Trampın vəkili Alina Habba hökmü “ədalitəsizliyin manifesti” və “siyasi motivlərlə alovlanan və çoxillik cadugar ovu” adlandırıb.

“Söhbət burada Donald Trampdan getmir - əgər bu qərar qüvvədə qalsa, hər bir amerikalıya gedən siqnal o olacaq ki, Nyu York artıq biznes üçün açıq deyil,” deyə Habba hökmdən apellyasiyaya müraciət edəcəyini bildirib.

Tramp və onun oğulları Don Jr. və Erik adambaşı $4 milyon dollar cərimə ödəməlidirlər.

Tramp hər hansı bir qanunsuzluğun baş verdiyini inkar edir və Demokrat olaraq vəzifəyə seçilmiş Ceyms tərəfindən ona qarşı qaldırılmış məhkəmə işini siyasi vendetta adlandırıb.

 

Amerikanın Səsi