Mahir Əzimovun məhkəməsi dekabrın 9-na qədər ertələnib

Operativtv.com xəbər verir ki, noyabrın 30-u Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının üzvü Mahir Əzimovun işi üzrə tanışlıq iclası baş tutub. Vəkil Zibeydə Sadıqova çıxış edərək hakimdən cinayət işi ilə yaxından tanışlıq üçün vaxt istəyib. Hakim vəkilin istəyini təmin edib. Məhkəmə iclası 9 dekabr saat 10:30-a qədər ertələnib.

Xatırladaq ki, iyunun 18-də saxlanılan inanclı fəalın barəsində narkotik ittihamı ilə cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb. Saxlanıldığı ilk gündə Suraxanı Rayon Məhkəməsi Mahir Əzimov istintaq müddətində ev dustaqlığında olacağı qərarını alsa da, bir neçə gün sonra qərar dəyişdirilərək həbs qəti imkan tədbiri ilə əvəzlənib. Onun ittiham olunduğu maddə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yaxınları və üzvü olduğu hərəkat Mahir Əzimovun həbsini sifariş hesab edir. Onlar bunu hərəkata qarşı növbəti basqı sayırlar. İnanclı şəxsin narkotika ilə ittihamını isə bu işdə səriştəsizlik kimi qiymətləndirirlər.