İsrail Fələstini tanıyan dövlətlərdəki səfirləri geri çağırıb

İsrail Fələstini tanıyan dövlətlərdəki səfirləri ilə məsləhətləşmələri davam etdirir.

Ölkənin Xarici İşlər Nazirliyi İrlandiya, İspaniya və Norveçdəki səfirlərini məsləhətləşmək üçün geri çağırıb.

Xüsusilə, İspaniyanın Qüdsdəki konsulluğunun işi məhdudlaşdırılıb. Bu məlumatı İsrailin Rusiyadakı səfiri Simona Halperin mətbuata açıqlamasında bildirib.

“İspaniya Baş nazirinin müavini sosial şəbəkələrdə açıq şəkildə deyir ki, bu hekayəyə son qoyulmalı və Fələstin “çaydan dənizə” uzanmalıdır, yəni İsrail silinməlidir. Əgər bu, İspaniya Baş nazirinin müavininin mövqeyidirsə, təbii ki, İsrail də hərəkətə keçəcək. İspaniyanın Qüdsdəki konsulluğunun işini məhdudlaşdırdıq. Onlar sanki İsraildə oturub Fələstin üçün çalışırlar”, - deyə səfir bildirib.

Halperin, həmçinin, Fələstin dövlətinin tanınmasını “səhv” adlandırıb.

Qeyd edək ki, İrlandiya, İspaniya, Norveç və Sloveniya Fələstin Dövlətini tanıyıb. Belçika və Portuqaliyanın da analoji addım ata biləcəyi gözlənilir.