İraq həbsxanalarındakı azərbaycanlı qadınlar azadlıq tələbilə aclıq elan ediblər

İraqda həbsdə olan azərbaycanlı qadınların qohumlarından ibarət qrup mayın 1-də Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Onlar hökuməti qohumlarının həbsdən azad edilməsi üçün tədbirlər görməyə çağırıblar.
İştirakçılardan biri bildirib ki, bu qadınların uşaqları əvvəllər azad edilərək Azərbaycana gətirilib. "Biz hökumətdən anaların özlərinin azad olunmasına yardımçı olmağı xahiş edirik", - o deyib.
İraq həbsxanasındakı qadınlar öz qohumlarına müraciətlə video göndəriblər.
"Biz 121 nəfərik, Bağdadda Rosaf B6 həbsxanasında ömürlük həbsə məhkum edilmişik", - məhkumlardan biri öz videomüraciətində deyir. Onun sözlərinə görə, aprelin 25-dən qadınlar azadlıq tələbilə aclığa başlayıblar.
"B6 həbsxanasında Türkiyə, Rusiya, Ukrayna, Fransa, Almaniya, Pakistan, Özbəkistan və digər ölkələrdən qadınlar var", - müraciətdə deyilir.
Həmin qadınların həyat yoldaşları İŞİD dəstələrilə hökumət qoşunları arasında döyüşlər zamanı öldürülüb. "İraq məhkəməsi bizim əleyhimizə hər hansı sübut olmadan ömürlük həbs cəzası hökmü çıxarıb. Bizi terrorizmdə ittiham edirlər. Biz heç bir işdə iştirak etmədik, sadəcə, İraqdakı həyat yoldaşlarımızın yanına gəldik.
6 ildir ki, bizi İraq həbsxanasında dəhşətli şəraitdə saxlayırlar. Bu illər ərzində bir çox məhkum qadın və uşaq turmə rejiminə tab gətirməyərək ölüb. Xəstələrə tibbi yardım göstərilmir və 4 il əvvəl bizi uşaqlarımızdan ayırdılar. Uşaqlarımızın yanına qayıtmağımıza kömək edin", -məhkum qadın deyir.
Etiraz aksiyası iştirakçılarından biri Sevda Cavadova deyir ki, İraqda onun oğlunu öldürüblər. "Nəvələrim əlildir, onlara baxa bilmirəm. Əgər gəlinim günahkardırsa, qoy, onu öz ölkəmizdə cəzalandırsınlar”, - o deyib.
Rəsmi məlumata görə, yüzlərlə Azərbaycan vətəndaşı İraq, Suriya və Əfqanıstanda qanunsuz hərbi birləşmələrin tərkibində döyüşüb. Onların çoxu həlak olub, bəziləri həbs olunub və ya Azərbaycana deportasiya edilib.
Sonuncu dəfə 2020-ci ildə 82 uşaq İraqdan ölkəyə gətirilib. 2018-ci ilin oktyabrında Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələrilə görüşdə Azərbaycan Daxili İşlər Nazirliyinin təqdim etdiyi məlumata görə, Azərbaycandan 1477 nəfər (1136 kişi və 341 qadın) terrorçu qruplaşmaların tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya və İraqa gedib. Onlardan 903 nəfər (749 kişi və 154 qadın) həlak olmuş və ya itkin düşmüş hesab olunur.
 
Turan Agentliyi