Hacı Ramil Bədəlov bu həftə də silsiləvi “Tövbədən öncə” adlı çıxışının 17-ci hissəsini davam etdirib

İlahiyyatçı Hacı Ramil Bədəlov bu həftə ənənəvi cümə xütbələrini davam etdirib. Sosial media üzərindən canlı yayımlanan “Tövbədən öncə” adlı moizəsinin 17-ci hissəsini bölüşən ilahiyyatçı tövbə üçün zəmin olan vəziyyəti incələyib. O, ötən söhbətinin davamında insanın səhv etdikdən, yanlışlığa yol verdikdən sonra düşəcəyi halda yenidən qalxmağın yollarından danışıb. Bunun üçün başlıca amilin, zehniyyətin istiqamətləndirilməsinin əsas olduğunu bildirən ilahiyyatçı bu düşüncənin “Sübhanəllah zehniyyəti” olduğunu bildirib.

“İnsanın çətinlik, yanlışlıqları müqabilində ilk varlığına təsir göstərən səbəb ümidsizlikdir. O, ümidsizləşdikcə süstləşir və bu da nəticədə məhv amilinə gətirib çıxarır. İnsanlar 3 səbəbdən ümidsizliyə uğrayırlar:

1. Yaşanan bəla və müsibətlərin yaratdığı təsirlər; Həyatda insana üz verən bəlalardakı çoxluq və ardıcıllıq insanda vəsvəsə olaraq ümidsizliyə yol açır.

2. İctimai və bəşəri hadisələr; Bəzən dünyada baş verən hadisələr, zülmlərin artması insanda ümidsizlik yaradır.

3. Başqalarda olan istedad və bacarıqlar; İnsan digərlərində xüsusi istedadları seyr edib özündə bunların olmamasını görüncə bu onda ümidsizlik amilinə çevrilə bilir.

Bunun üçün insan ilk öncə zehniyyət problemlərini aradan qaldırmalıdır. O, hadisənin neqativ, qara tərəfləri deyil, pozitiv, gözəllikləri olan tərəfini görməyi bacarmalıdır. Bəlalar insanı bəzən bir ömür ibadətlə qazana bilinməyən ali məqamların qazanılması amili ola bilir. Bunun üçün bəlanı imtahat üçün zəruri, Allahın insanı sevdiyi üçün mükafatlandırma, qısa yollarla nəticə əldə etməsinə vəsilə bilmək şərtdir.

Yalnzı belə olan bəndə ruhi Sübhanallah zikrini-Allahı hər şeydən pak varlıq olaraq dəyərləndirəcək. Uğurlu insanlar istedadlı insanlar yox, istedadı, imkanı lazımınca dəyərləndirəndir. Biz olmayanları yox, olanları dəyərləndirək uğur qazana biləcəyimizi anlamalıyıq. Bu düşüncə Sübhanəllah zehniyyətidir.

Sübhanəllahın özəlliyi insanı mərkəzdən qaçmanın, yaranma səbəbindən uzaqlaşmanın qarşısını alır. Belə olan insan həmişə Allaha hüsnü zənn hissi ilə baxır. Sübhanəllah hər şeyin bitdiyini zənn edən insana əksinə, bitdi deyil yenidən başlandı məntiqini aşılayır.”

Sübhanəllah zehniyyətinin insan üzərində şeytanın əsas təsiri olan ümidsizliyə qarşı ən güclü vasitə olduğunu bildirən ilahiyyatçı insanın bunu lazımınca anlayıb dərk etməsini həyatı əhəmiyyət kimi səciyyələndirdi.

Sonunda ilahiyyatçı Hacı Ramil Bədəlov İslam dünyası, Azərbaycan xalqına dualarla söhbətin davamını növbəti cümə günü etdirəcəyini bildirərək bu həftəki cümə moizəsini bitirib.