Gürcüstanda etirazçılar sərbəst buraxılıb

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, "xarici agentlər" haqqında qanuna qarşı etirazlarda iştirak zamanı inzibati qanun pozuntularına görə həbs edilən bütün etirazçılar sərbəst buraxılıb.

"İnzibati Qanun Pozuntuları Məcəlləsi"nə uyğun olaraq, saxlanılan şəxslərin hamısı azadlığa buraxılıb. Həbs edilənlərin bir qismi məhkəmə qarşısına çıxarılıb, qalanları isə istintaq təcridxanasında qalma müddəti başa çatdığı üçün azadlığa buraxılıb" - deyə, nazirliyin bəyanatında bildirilib.

Lakin Daxili İşlər Nazirliyi artıq məhkum olunmuş şəxslərin məsuliyyətdən azad edilib-edilmədiyi barədə məlumat verməyib. Nazirlik onu da bildirib ki, polis əməkdaşlarına qarşı zorakılıqla bağlı Cinayət Məcəlləsinin 353 və 187-ci maddələri ilə başlanmış cinayət işinin istintaqı, o cümlədən şübhəli şəxslərin axtarışı davam etdirilir.

Bundan əvvəl hakim "Gürcü Arzusu" partiyası və "Xalqın Gücü" ictimai hərəkatı birinci oxunuşda qəbul edilmiş "xarici agentlər" haqqında qanun layihəsinin geri götürülməsi ilə bağlı bəyanat yayıb. Açıqlamada qanun layihəsinin cəmiyyət arasında narazılıqlara səbəb olduğu bildirilib.

Həmin qanuna əsasən maliyyələrinin 20 faizindən çoxunu xarici mənbələrdən alan media və qeyri-hökumət təşkilatlar "xarici agentlər" kimi qeydiyyatdan keçməli idilər.

Çərşənbə axşamı və çərşənbə on minlərlə insan parlament qarşısında toplaşaraq təklif olunan qanun layihəsinə etiraz edib.