Blinken İsrail rəsmiləri ilə İsraillə HƏMAS arasında atəşkəs təklifini müzakirə edir

ABŞ dövlət katibi Antoni Blinken İsrail liderləri ilə Qəzzada zolağında döyüşlərin dayandırılması və HƏMAS tərəfindən girovlarının azad edilməsi ilə bağlı danışıqlar aparmaq üçün çərşənbə günü İsrailə gedib.

İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və prezident İsxaq Hersoqla görüşlər Blinkenin HƏMAS liderlərinin təklifə öz cavabını verdiklərini söyləməsindən bir gün sonraya təsadüf edir.

Blinken Qətərin paytaxtı Dohada jurnalistlərə verdiyi açıqlamada ABŞ-ın cavabı intensiv şəkildə nəzərdən keçirdiyini və bunu İsraillə paylaşıldığını deyib.

"Girovlarla bağlı nəinki yenilənmiş, həm də genişləndirilmiş saziş və onun gətirəcəyi bütün faydaları ilə irəliyə gedə bilmək üçün razılaşma əldə etməyə mümkün qədər çox çalışacağıq" - deyə, Blinken bildirib.

Vaşinqtonda ABŞ prezidenti Co Bayden silahlı qrupun cavabını “bir az şişirdilmiş” adlandırıb və danışıqların davam etdiyini bildirib.

Birləşmiş Ştatlar, Misir və Qətər həftələrdir davam edən döyüşlərdə fasilə və Qəzzada HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsini nəzərdə tutan atəşkəs təklifinin hazırlanmasına kömək edib.

Noyabrın sonunda əvvəlki müvəqqəti atəşkəs bir həftə davam etmişdi və Qəzzada HƏMAS tərəfindən saxlanan 100-dən çox girov və İsrail tərəfindən saxlanılan 240 fələstinli məhbus azad edilmişdi. İsrail ordusu çərşənbə axşamı bildirib ki, saxlanılan girovlardan 31-i ölüb.

Blinken çərşənbə axşamı Dohada Qətərin hakim əmiri Şeyx Təmim bin Həməd Al Tani və Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə danışıqlar aparıb.

Al-Tani tərcüməçi vasitəsilə jurnalistlərə deyib: “Biz razılaşmanın ümumi detalları, girovlarla bağlı HƏMAS-dan cavab almışıq. Cavabda bəzi şərhlər var, lakin ümumilikdə müsbətdir”.

Qətərin baş naziri nikbinliyini ifadə edib və "çox tezliklə" uzadılmış atəşkəs razılaşması müqabilində girovların azad edilməsi ilə bağlı nəticə verəcəyinə ümid etdiyini bildirib, lakin o məsələnin həssaslığına görə detalları açıqlamaqdan imtina edib.

Çərşənbə axşamı Blinken Qahirədə Misir prezidenti Əbdülfəttah əs-Sissi ilə görüşüb.

 

Amerikanın Səsi