BDYPİ: "İkitəkərli motosikletlər istisna olmaqla, bütün təkərli nəqliyyat vasitələrində dərman qutusu olmalıdır”
Bu barədə Report”a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, "Yol hərəkəti haqqında qanunda” göstərilib ki, ikitəkərli motosikletlər istisna olmaqla, bütün təkərli nəqliyyat vasitələrində dərman qutusu olmalıdır.
Qutudakı dərmanların siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunur: "Qanuna əsasən, dərman vasitələri və tibbi əşyaların hamısı istismara yararlı vəziyyətdə olmalıdır. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 356-cı (Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması) maddəsinə uyğun olaraq, yol hərəkəti təhlükəsizliyinin tibbi təminat qaydalarını pozan sürücülər 10 manat məbləğində cərimə edilir".
Şöbə rəisi sürücüləri yol-hərəkət qaydalarına riayət etməyə çağırıb: "Hər zaman olduğu kimi, Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, qayda pozuntusuna yol verməsinlər. Tibbi yardıma ehtiyac üçün dərman qutusu hər bir nəqliyyat vasitələrində olmalıdır”.
Nazirlər Kabineti "Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”nın təsdiq edilməsi haqqında qərar imzalayıb. Qərara əsasən, sürücülər idarə etdikləri nəqliyyat vasitələrində (minik və yük avtomobillərində, avtobusda, təkərli traktorda, yanqoşqulu motosikletdə, habelə tramvay və trolleybusda) xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini təmin etməlidirlər. Eyni zamanda, nəqliyyat vasitəsində olan dərman qutusunda bu Sənədin 1 nömrəli əlavəsində göstərilən tibbi ləvazimatlar və dərman vasitələri, habelə qeyri-tibb işçiləri tərəfindən ilk tibbi yardımın göstərilməsinə dair şəkilli (illüstrasiyalı) təlimat kitabçası olmalıdır.Həmçinin nəqliyyat vasitələri (minik və yük avtomobilləri, avtobus, təkərli traktor, habelə tramvay və trolleybus) növündən asılı olaraq, bu Sənədin 2 nömrəli əlavəsində göstərilən odsöndürənlərlə təmin olunmalıdır.
"Avtomobilində dərman qutusu olmayan sürücü cərimələnəcək" - BDYPİ
Oxşar xəbərlər