ABŞ Ədliyyə Nazirliyi Kaşıkçının qətli məsələsində Məhəmməd bin Salmanın lehinə qərar verib

ABŞ Ədliyyə Nazirliyi hüquqi məsləhət rəyində Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın jurnalist Camal Kaşıkçının öldürülməsi ittihamlarına qarşı toxunulmazlığa malik olduğu qənaətinə gəlib.

Operativtv.com SalamNews-a istinadən bu barədə Associated Press -ə istinadən xəbər verir.

Vaşinqtonun Federal Məhkəməsində vəliəhd şahzadə və onu müşayiət edən nümayəndə heyətinə qarşı mərhum jurnalistin nişanlısı Xədicə Çingiz və "Ərəb Dünyasında Demokratiya Təşkilatı" tərəfindən iddia qaldırılmışdı. ABŞ Ədliyyəsi bu dəfə vəliəhd Məhəmməd bin Salmanın toxunulmaz olduğunu bildirib.

Xatırladaq ki, Camal Kaşıkçı 2017-ci ildən ABŞ-da yaşayır və "The Washington Post" qəzetində işləyirdi. O, 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda doğranaraq, qətlə yetirilib.

Mərhum jurnalist Camal Kaşıkçının nişanlısı Xədicə Çingiz ABŞ administrasiyasını Səudiyyə vəliəhdi Məhəmməd bin Salmana qarşı açdığı işdə ona toxunulmazlıq verdiyinə görə tənqid edərək, məyus olduğunu bildirib.

O, tvitter səhifəsində yazıb ki, "ABŞ-ın bu addımı ilə Kaşıkçı yenidən öldü."