Nardaran hadisələri zamanı hələ də fikirlərdə yanlışlıq yaradan məqamlar qalmaqda davam edir. Hakimiyyətin media dəstəyinin formalaşdırdığı yalanlar içində böyük sual yaradan polis işçilərinin qətlidir. Rəsmi sənədlər, istintaq araşdırmaları 2015-ci il 26 noyabr tarixində Nardaran kəndində yaşanan silahlı insident zamanı 4 yerli sakinlə yanaşı 2 polis işçisinin də dünyasını dəyişdiyini yazır. Sənəddə əks olunan məlumata əsasən, hər iki polis işçisi qumbara partlaması nəticəsində qəlpələrin onların ayaqlarının aşağı ətrafı, arteriya damarını zədələməsi səbəbindən onlar qanaxma nəticəsində dünyasını dəyişiblər.
Qeyd edilən fikirlər rəsmi sənədlərdə əks olunan ekspertizanın verdiyi rəy əsasındadır. Şübhəsiz burada qumbaranın partlaması da qeyd edilib. Yerli sakinlər tərəfindən “atılan” qumbaranın partlaması iki polis zabitinin həyatına son verib. Bəs maraqlı olan məsələ qumbaranın harada partlaması və daha kimləri yaralaması və ya öldürməsi olmalıdır. Haqlı olaraq hər kəsdə qumbara atılan zaman hər kəsin gizlənə bilməsi və dünyasını dəyişən bu iki polisin buna vaxt çatdıra bilməməsi və ya bu kimi səbəblər ola bilər.
Məsələni araşdırmaq üçün bir neçə məqama diqqət yetirmək lazımdır. Onlardan biri hadisənin baş verdiyi yerdir. İkincisi, orada olan insan sayı. Üçüncüsü, ətrafda partlayışın əlamətləri. Bu məsələlər diqqətə alınarsa, bütün bunların məsələnin qurama olaraq icra edildiyi üzə çıxar. Buna görə də, diqqətlə iddia olunan məsələni incələyək:
Hadisə bir neçə kvadratlıq ərazidə, iki evin açıldığı səki qarşısında baş verib ki, əgər burada qumbara partlayarsa, şübhəsiz bu evlər ciddi zədələnər, şüşələr qırılar, hətta dağıntıların belə baş vermə ehtimalı gerçəkləşər. Hətta çoxsaylı insan kütləsi, yerli və polis nümayəndələrinin o yerdə olması burada qurbanların sayının daha böyük və dəhşətli mənzərəsi ilə nəticələnə bilər. Lakin ekspertizanın belə qeydinə əsasən, ölən polislərin bədənlərinin digər yerlərində zədə olmadığı halda yalnız qumbaranın qəlpəsi aşağı ətrafda yaraya səbəb olub.
Eyni halda, hadisədə dünyasını dəyişən 4 kənd sakini və yaralanan 6 nəfərin heç birinin bədən zədələri qumbara qəlpəsindən baş verməyib.
Belə olan halda ortaya belə bir sual çıxır – qumbarada yalnız iki qəlpə olub?
Maraqlı fakt hadisədən bir saat sonra ərazidə olan media işçilərinin çəklişləridir. Az qala ərazinin hər nöqtəsini lentə alanlar (hansı ki, bu kadrlar sosial media üzərində hal-hazırda yayımda var) qumbara partlaması, onun dağıntısı, şüşələrin qırılması, yerdə yaranan böyük bir oyuğun əmələ gəlməsi kimi halları əks etdirmir. Bunu izləyən hər kəs mütləq mövcud görüntülərdən başa düşəcək ki, burada qumbara partlaması kimi faktın baş verməsi mümkünsüzdür.
Ekspertizanın rəyində də haradasa qumbara partlaması və ya partlayışın yaratdığı fəsadlar yer almayıb. Məlum sənəddə polislərin qumbara partlamasından qopan qəlpələr səbəbindən dünyasını dəyişməsi qeyd olunsa da, nədənsə ekspertiza qumbara partlama ərazisini tapa bilmədiyi üçün onu qeyd etməyib.
Şübhəsiz burada qumbara partlaması baş versəydi hadisə iştirakçılarından bununla bağlı bir çox yaralar işdə öz əksini tapmalı idi.
Lakin yalnız iki polis və onlarında hərəsinin ayağına dəyən yalnız bir qumbara qəlpəsindən başqa hadisədə hər hansı bir sübut iddianı təsdiqləyə bilməyib.
Belə olan halda bəs niyə polis işçiləri və niyə qumbara partlaması iddiası?
Nardaran hadisəsinin tələsik və naşı hazırlanan bir plan olması heç kəsə gizlin deyil. Dəfələrlə bunu hakimiyyətin öz nümayəndələri də etiraf ediblər. Buna səbəb vaxtın azlığı da ola bilərdi ki, 30 sutka verilən 5 noyabr Sabunçu baş polis idarəsi önündə saxlanılanların buraxılma zamanı bitməyə doğru gedirdi. Bu müddətdə isə Nardaranda onların çıxmasını gözləyənlər arasında coşqu hər ötən gün artırdı. Əgər onların buraxılması tarixi çatsaydı, bu inanclılarda mübarizə ruhunu bir az da artıra bilərdi. Ona görə də hakimiyyət ciddi cəhdlə bu işə yekun nöqtə qoymağa çalışdı.
Bunun üçün televiziyanın bütün imkanları, medianin gücü tam ortaya qoyularaq yalançı faciə yaratmaq üçün səfərbərlik edilmişdi. Lakin əliyalın insanlarla qarşıdurma hansısa gözlənilməz nəticələr verə bilərdi ki, o zaman üçün hakimiyyət qəddarlıq nümayişindən çəkinirdi. Əlavə olaraq terrorçu kimi qələmə verilən, konstitusion qurluşu devirənləri ortaya qoyan iddia daha sərt nəticələr göstərməli idi.
Hakim qüvvələr bunun üçün nəzərdən keçirdikləri və sonradan ortaya qoyduqları “sübutlarından” ən təsirlisi və xalqı inandıra biləcək nümunə polis məmurunun ölümü ola bilərdi. Bu çox dəqiq düşünülmüş bir fikir olaraq məsələnin mərkəzində durmalı, yerli sakinlərlə yaşananları kölgəyə almalı idi.
Nardaran hadisəsində 16 güllə yarası alan 10 nəfər qurbanın içindən 4 yerli sakin dünyasını dəyişdi. 100-dən artıq şəxs həbs olundu və artıq 9 ildir ki, kənd heç bir qanun tanımayan polis kartonu ilə əhatələnərək gediş-gəlişi məhdudlaşdırılıb. Eyni halda, hələ də təqdim olunan sübutlar, iddiaları yalanlayan suallar nə qumbaranın partlaması ilə bağlı heç bir sübut müəyyən edə bilməyib, nə də qumbara qəlpəsi ilə dünyasını dəyişən polislərin ölümlərinə səbəb olan ekspertiza rəyi əsaslanmayıb. Bu ssenariləşdirilmiş hadisə həqiqətdə polislərin tamam fərqli bir məkanda öldürülməsi fikrini daha çox təsdiq edir.
Nardaran hadisəsindən 9 il keçdi. Hələ də hadisədə dünyasını dəyişən 4 hadisə iştirakçısının məzarı üzərində polislər post qurub və oraya ailə üzvülərindən başqa heç kəsə yaxınlaşmağa icazə verilmir...
26 noyabr Nardaran hadisələri - Senariləşdirilmiş qətl