Jurnalistlərin binasından "ev satan" şəxsin xanımı övladını zalda qoyub çıxdı

Dələduzluqda və rüşvət verməkdə ittiham olunan “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynov hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində G.Hüseynovun cinayət işi üzrə məhkəmə iclasına hakim Eldar İsmayılov sədrlik edib.

Məhkəmədə İsmayılov Xəyyam Bayram oğlu dindirilib. O, mərhum atası Bayram İsmayılovun hüquqi varisidir.

Bayram İsmayılov ev almaq üçün Gündüz Hüseynova 14 500 manat pul verib.

Xəyyam İsmayılov söyləyib ki, atası jurnalistlər üçün tikilən binadan ev almaq üçün həmin pulu G.Hüseynova verib, amma sonradan nə ev, nə də pullarını ala biliblər.

"Bu iş uzanmağa başladı. Zəng eləsək də zənglərimizə cavab vermirdi. Telefonu söndürmüşdü. Biz də şikayət etdik. Atamın verdiyi puldan əlavə, mən də 18 500 manat mən özüm vermişəm. Notariusda vermişəm. Bunu təsdiq edən sənədi də məhkəməyə təqdim edə bilərəm"- deyə zərərçəkmiş bildirib.

Ötən məhkəmədə zərərçəkmişlərdən Xalidə İsmayılova da ifadə verərək ev almaq üçün 42 min manatı Gündüz Hüseynova verdiyini demişdi. Amma Gündüz Hüdeynov həmin pulu Xalidədən Xəyyamın aldığını demişdi.

Xəyyam İsmayılov bu iddiaya cavab verib və söyləyib ki, həmin puldan bir qəpiyi də özünə çatmayıb.

Məhkəmədə məlum olub ki, müğənni olan Xəyyam İsmayılov həm də "Zaman Press" qəzrtinin işçisi olub. O da atası kimi Gündüz Hüseynovdan jurnalist vəsiqəsi alıb.

Xəyyam İsmayılov ixtisasca jurnalist olmadığını, ancaq bu işə həvəsli olduğunu söyləyib: "Həvəsim var idi. Həftədə bir dəfə qəzəet çıxanda gedirdim. Yazıları oxuyub hərf səhvlərinə baxırdım. Sonra da satış köşklərinə gedib qəzet satılıb-satılmadığını yoxlayırdım".

Gündüz Hüseynov söyləyib ki, Xəyyam İsmayılov qəzetdə çalışıb: "Mənə dəfələrlə zəng edib söyləyib ki, yolda onu polis saxlayıb. Mən də xahiş edib, onu buraxdırmışam".

Məhkəmənin davamında təqsirləndirilən Gündüz Hüseynovun xanımı Yeganə Hüseynova zala daxil olub. O, qucağında 18 günlük körpəsini də məhkəməyə göstərərək söyləyib ki, yazdığı məktubun məhkəmə tərəfindən qəbul edilməsini istəyib.

O, məhkəməyə təzyiq edərək əgər məktubu qəbul edilməyəcəyi təqdirdə uşağı məhkəmə zalına qoyaraq gedəcəyini bildirib. Yeganə Hüseynova hətta uşağı məhkəmə salonuna qoyaraq zaldan çıxıb. Hakim bunu məhkəməyə təzyiq və şantaj kimi qiymətləndirib. Nəzarətçilərin müdaxiləsibdən sonra Y.Hüseynova körpəsini götürərək məhkəməni tərk edib.

İttihama görə, Gündüz Hüseynov öz işçilərinə qarşı dələduzluq edib. O, 200 min manatdan artıq pulu dələduzluqla almaqda ittiham olunur.

Gündüz Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 32.4, 312.2-ci (iştirakçılıq, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir.

Bildirək ki, “Zaman Press” qəzeti Mətbuat Şurasının reket qəzetlər siyahısına salınıb.

Gündüz Hüseynov ayrı-ayrı şəxslərə qəzetin vəsiqəsini verib. Həmin şəxslərə jurnalistlər üçün tikilən binadan ev almasına kömək edəcəyini deyib.