Şuşada Yuxarı Gövhər Ağa məscidinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışı olub

Yuxarı Gövhər Ağa məscidində 2021-ci ilin sonlarından aparılan bərpa işləri başa çatıb. Məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Məscidin müəllifi məşhur memar Kərbalayi Səfixan Qarabağidir. Bu, müəllifin ən yaxşı əsərləri sırasına daxildir. Məscidin minarələrinin ornamentləri və otaqların divar rəsmləri Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabaği tərəfindən işlənib.

Şuşa şəhəri işğal altında olduğu müddətdə Yuxarı Gövhər Ağa məscidi ermənilər tərəfindən dağıdılmışdı. Şəhər işğaldan azad edildikdən sonra məsciddə başlanılan konservasiya və bərpa işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə ilkin memarlıq üslubuna uyğun aparılıb. Layihə “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilib.

Məscidin daxilindən götürülən məhlul, suvaq, təbii daş, kərpic, ağac və boya nümunələri təhlil və düzgün konservasiya üsullarını əldə etmək məqsədi ilə Türkiyədəki Fatih Sultan Mehmet Vəqfi Universiteti nəzdindəki Ahmet Refik Ersen Restavrasiya və Konservasiya laboratoriyasında araşdırılıb.

Bu günədək məsciddə möhkəmləndirmə işləri görülüb. İşğal dövründə məscidə ermənilər tərəfindən edilmiş müdaxilələr aradan qaldırılıb.

Şuşa şəhərindən Bakıya gətirilmiş sal qaya parçalarından emalatxanada pəncərə haşiyələrinin daş kəsimi və fiqur hazırlanması işləri aparılıb. Minarələrin boya işləri və qoruyucu qatın tətbiqi yekunlaşıb, məscidin dam örtüyünün qurulması həyata keçirilib. Bərpa işləri mədrəsə binasını da əhatə edib. Məscidin mədrəsə hissəsində taxta dam konstruksiyanın qurulması işləri tamamlanıb. Mövcud döşəmə örtüyünün sökülməsi və qalıqların təmizlənməsi işləri başa çatdırılıb. Hazırda mədrəsə binasının ərazisində məscid minarəsinin ornamentləri və otaqların rəsmlərini işləmiş Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunan sərgi açılıb.