Özünü yandıran şəxsin vəziyyəti ağırdır

Yanvarın 13-də özünü yandıran Tərlan İslamovun bədəninin 65 faiz hissəsi yanıb. 
 
Bu barədə Səhiyyə Nazirliyindən bildiriblər.
 
Nazirliyin məlumatına görə, hazırda İslamovun vəziyyəti ağır olaraq qalır və tənəffüs yolları yanıb.
 
İslamov Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası nəzdindəki Yanıq şöbəsinə yerləşdirilib.
 
"Bədənin müxtəlif nahiyələri yanan həmin şəxs 3-cü dərəcəli yanıq diaqnozu ilə müalicəsini Reanimasiya şöbəsində davam etdirir və vəziyyəti ağırdır”.
 
Yerli media İslamovun özünü Binəqədi Rayonu Sulutəpə qəsəbəsindəki 40-cı Polis Bölməsinin qarşısında üzərinə benzin tökməklə yandırdığını yazır.
 
Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən Amerikanın Səsinə hadisənin baş verdiyini təsdiq ediblər.
 
"Hadisənin baş vermə səbəblərini biz də hələ bilmirik,” növbətçi hissədən bildiriblər.
 
Tərlan İslamovun atası da oğlunun 40-cı polis pölməsinin qarşısında özünü yandırdığını bildirib.
 
Tərlan İslamovun atası Arif İslamov Meydan TV-yə bildirib ki, oğlu 40-cı polis bölməsinin müstəntiqi ilə mübahisə etdikdən sonra özünə qəsd edib.
 
"3 ay əvvəl kafelərin birində dava düşüb, Tərlan da orada olub. Həmin vaxt telefonla 102-yə (DİN-in qaynar xətti – red) zəng etmək istəyəndə dava edənlər telefonunu əlindən alıblar. O telefonu kreditlə götürmüşdü, 800 manat qiyməti vardı. Həmin dava ilə bağlı polis araşdırma aparırdı, amma heç bir nəticəsi yox idi. Oğlum bu gün polisə gedib. Araşdırmanın ləng getməsindən gileylənib. Deyib, heç olmasa, telefonu qaytarsınlar. Müstəntiqlə mübahisə ediblər, o da deyib nə istəyirsən elə, lap get özünü yandır. Tərlan da hirslənib, özünü yandırıb,” o qeyd edib.
 
Öz növbəsində, müstəntiq və polis hələ baş verən hadisə ilə bağlı rəsmi məlumat yaymayıb.
 
Amerikanın Səsi