Venesuelada güclü zəlzələlər: Çoxsaylı ölən və yaralananlar var

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, Venesuelada 39 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Yeraltı təkanlar paytaxt Karakas da daxil olmaqla ölkənin bir çox bölgəsində hiss olunub və genişmiqyaslı dağıntılara səbəb olub.

İlkin məlumatlara əsasən, ilk zəlzələ San Felipe yaxınlığında, ikinci və daha güclü təkan isə Yumare ətrafında qeydə alınıb. USGS hadisənin geniş dağıntılar və yüksək insan itkisi riski yaratdığını bildirib.

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes ölkədə fövqəladə vəziyyət elan edib.

Rodriqes bildirib ki, indiyədək təsdiqlənən məlumata görə, 32 nəfər həyatını itirib, 700-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. O əlavə edib ki, bu rəqəmlərə ən çox zərər görən bəzi bölgələrdən daxil olan məlumatlar hələ tam daxil edilməyib və itkilərin sayı arta bilər.

Zəlzələlər nəticəsində Karakasda çoxsaylı yaşayış və inzibati binalar dağılıb. La Quayra ştatının ən çox zərər çəkən bölgələrdən biri olduğu bildirilir.

Paytaxt yaxınlığındakı Simon Bolivar Beynəlxalq Hava Limanı infrastrukturuna dəyən ziyana görə bağlanıb. Xilasetmə qrupları dağıntılar altında qalan insanların axtarışını davam etdirir.

Rəsmilər əsas zəlzələlərdən sonra iyirmiyə yaxın artçı təkanın qeydə alındığını açıqlayıblar.

Hakimiyyət orqanları vətəndaşlara zədələnmiş binalara daxil olmamağı, xilasedicilərin göstərişlərinə əməl etməyi və mümkün yeni təkanlara hazır olmağı tövsiyə edib. Məktəblərdə dərslər dayandırılıb, zəruri olmayan fəaliyyətlər müvəqqəti olaraq məhdudlaşdırılıb.

Rodriqes müxtəlif ölkələrin və beynəlxalq təşkilatların Venesuelaya həmrəylik mesajları göndərdiyini bildirib.

ABŞ Prezidenti Donald Tramp da ölkəsinin zəlzələdən zərər çəkən əhaliyə humanitar yardım göstərməyə hazır olduğunu açıqlayıb. ABŞ Dövlət Departamenti yardımın əlaqələndirilməsi üçün xüsusi qrupun səfərbər edildiyini bildirib.