“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri, “QHT işi” üzrə ittiham olunan Hafiz Həsənovun cinayət işi üzrə məhkəmə baxışı başlanıb.
Noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Həsənova qarşı ittiham aktını elan edib.
İttihama əsasən, Hafiz Həsənov rəhbərlik etdiyi təşkilatda layihələr həyata keçirmək adı altında ABŞ-nin German Marşal Fondundan ümumilikdə 415 min dollar qrant alıb və bu vəsaiti leqallaşdırıb.
Həsənov ittihamla razılaşmayıb və məhkəmədə özünü təqsirli bilmədiyini bildirib.
Məhkəmə baxışı dekabrın 3-də davam etdiriləcək.
O, Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə – ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Hafiz Həsənov barəsində ilkin olaraq ev dustaqlığı qətimkan tədbiri seçilmişdi, lakin sonradan bu qərar dəyişdirilərək onun polis nəzarəti altına verilməsi ilə əvəz olunub.
“QHT işi” üzrə indiyədək təxminən 15 vətəndaş cəmiyyəti nümayəndəsi cinayət məsuliyyətinə cəlb olunub. Hazırda “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə Alyansı”nın direktoru Məmməd Alpay, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, ictimai fəallar Zamin Zəki və Əhməd Məmmədzadə həbsdə saxlanılır.
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli və fəal Aytac Ağazadə isə ölkədən kənarda olduqları üçün axtarışdadır. Digər təqsirləndirilənlər barəsində isə alternativ qətimkan tədbirləri tətbiq edilib.
Bütün təqsirləndirilən şəxslər irəli sürülən ittihamları əsassız və siyasi motivli adlandırırlar.
“QHT işi” üzrə ittiham olunan Hafiz Həsənovun cinayət işi üzrə məhkəmə baxışı başlanıb