İraq prezidenti Rəşit Türkiyə və İrandan kömək istədi

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, İraq prezidenti Əbdüllətif Rəşit Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransında (COP27) İraqda artan quraqlıq üçün Türkiyə və İrandan kömək istəyib.

Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransında çıxış edən İraq prezidenti Əbdüllətif Rəşid ölkəsindəki quraqlığa diqqət çəkib. İraqın iqlim dəyişikliyindən təsirlənən ölkələrdən biri olduğunu bildirən Rəşit "İraqda artan quraqlıq ciddi təhlükə yaradır" deyib. İraqın yağış səviyyəsinin azalması nəticəsində quraqlıq təhlükəsi ilə üzləşdiyini dilə gətirən Rəşit Türkiyə və İranı bu böhrandan çıxmaq üçün əməkdaşlığa dəvət edib. Artan quraqlığın ölkədə əkinçilik sahələrinin azalmasına səbəb olduğunu vurğulayan İraq lideri "Qlobal istiləşmə və səhralaşmadan ən çox təsirlənən ölkələrdən biri olan İraqın 40 faizi təhlükə altındadır" deyib.