“Bütün olanlardan sonra yenə də?”

Hər bir hadisə görünən tərəflə paralel görünməyən tərəflə də nəsə deməyə çalışır. Birmənalıdır ki, bəzən elə hadisələr baş verir ki, onun əsas hədəfində olan addım məhz görünməyən tərəfə hesablanır ki, məqsəd də onun icrası olur. Eyni ilə son günlər gündəmdə səs-küy yaradan cəmin toyda qılınan namaz olayı kimi.
Mövzunu onunla aydınlatmaq lazımdır ki, sosial medianın geniş müzakirəsinə çıxarılan hadisə toylardan birində toya gələnlərin cəm namazı qılmasıdır. Diqqəti bu nöqtəyə yönəldən bəzi media təmsilçiləri, blogger və ya təhlilçilərin bu məsələdə xüsusi həssaslıq göstərməsi şübhəsiz təssadüfi deyil.
Görüntüdə şadlıq evinin birində toya gələnlər müəyyən ərazidə yerə örtük salaraq axşam namazlarını cəm formada qılır. Sadəcə bu! Məntiqlidir ki, toy inanclı toyudur və dini toylarda iştirakçıların böyük əksəriyyətinin inancı səbəbindən namaz vaxtında bu retual həyata keçirilməlidir. Bunun toyun keçirildiyi ərazidə, yoxsa hansı nöqtədə icra edilməsi isə nə dini, nə də dünyəvi qanunlarla qadağalanmır. Qadağa toy sahibinin razılığı və ya etirazına bağlı ola bilərdi ki, namaz qılınan zamana qədər də toy sahibinin bu işə etiraz etməməsi bu əməlin icrasından xəbər verir.
Demək nə din, nə də dünyəvi qanunları məhdudlaşdırmayan, qadağa yaratmayan bu iş birdən-birə bu qədər geniş müzakirə obyektinə çevrilmə səbəbi doğurdan da təəccüblüdür.
Narahat təbəqənin şadlıq evində cəm manazını diqqətə gətirərək, bunun bir ilk olaraq baş verməsini söyləmək yanlış olar. Sosial mediada onlarca bu tip cəm namazları, həm də şadlıq evlərində, elə toy zamanı gerçəkləşib ki, bunun nümunələri hər kəsə bəllidir. Mövzunu rezonansa çevirmək istəyən səhifələr də bu istiqamətdə axtarış edərək bir cümlə yazmaları yetərlidir ki, xüsusi olaraq mərhum alim Hacı Şahinin imamətliyi ilə şadlıq evlərində, toylarda neçə-neçə qılınan cəm namazı müşahidə etsinlər. Demək mövzu heç də namazla bağlı deyil.
Bu müzakirələrdə əsas sual da narahat tərəfin içində gizlənən həmən xəbis sözdür ki, mövzunun genişlənməsi üçün istifadə edib: “Bütün olanlardan sonra yenə də?”
Bəli, belədir, dinin sıxışdırılması, əqidənin hədəfə alınması, şiələrin ictimai yerlərdə cəm addımları artıq uzun zamandır ki, hədəfdədir. Bunun üçün hakimiyyət də daxil bəzi “moizə” kimi ünsürlərin həzm edə bilmədiyi şiə əqidəsinin varlığı onların həmişə diqqətindədir. Bacardıqları qədər şərlədikləri, ünvanlarına olmazın böhtanını yağdıraraq həbslərinə rəvac verdikləri şiəliyi bütün ictimai meydanlardan silməyə çalışan bu varlıqlar birdən-birə şiənin yenidən cəm görüntüsü ilə üzləşincə belə bir formada “partlaması” məncə, başa düşüləndir.
Onların qabartdığı məsələlər əslində hakimiyyətə növbəti siqnal rolunu oynayır. Durmadan çığıran bu şəxslər bütün olanlardan sonra hələ də şiələr cəsarət tapıb bir olduqlarını göstərə bilmələri görünən hadisənin görünməyən tərəfidir. Əks halda ölkəni cəhənnəmə çevirən min yox, milyonlarla problemin müzakirəsi susdurulduğu halda cəm namazının belə geniş auditoriyaya çıxarılmasının inanın ki, başqa heç bir anlamı yoxdur.
 
MBH