Ailəsi: Tofiq Yaqublunun müayinə və müalicəsi yerinə yetirilmir

Həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublunun müayinə və müalicəsinin aparılmadığı bildirilir. 

Bu barədə sentyabrın 22-də "Facebook" səhifəsində xəbər verən qızı Nigar Həzi qeyd edib ki, son aclıq aksiyası siyasətçinin səhhətinə təsirsiz ötüşməyib. O bildirib ki, atası Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılsa da, zəruri xidmətlərlə təmin olunmur. 

"T.Yaqublunun şərlənib həbs edilməsi azmış kimi indi də onun həyatını riskə atırlar. İlham Əliyev T.Yaqublunun aclıq aksiyasında ölməməyinin qisasını belə alır", - o vurğulayıb. 

Milli Şura və Müsavat Partiyasının üzvü olan Tofiq Yaqublu bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib. 

Özü isə ittihamları qurama sayır. 

T.Yaqublu hökmə etiraz olaraq aprelin 1-dən mayın 10-a qədər aclıq edib. 

O, 2013-cü ildə də İsmayıllıda etirazlarda iştirak etdiyinə görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrilə həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq ictimaiyyət, ABŞ və Avropa İttifaqı tərəfindən həbsi pislənilib. 2016-cı ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb.