Gürcüstanın paytaxtı Tbilisidə 18–21 sentyabr tarixlərində keçirilən paracüdo üzrə Avropa çempionatında Azərbaycan yığmasının daha bir üzvünün yarışa buraxılmadığı məlum olub.
J2 kateqoriyasında mübarizə aparmalı olan İlkin Nəsibovun gözlərində heç bir görmə məhdudiyyəti aşkarlanmayıb. Bu səbəbdən idmançı turnirdə iştirak edə bilməyib.
Çempionatda Azərbaycanı kişi idmançılardan İsmayıl Muradov (J1, 70 kq), Əbdülrəhman Rzazadə (J1, 70 kq), Məhəmməd Əkbərov (J2, 70 kq), Saleh Sultanov (J2, 81 kq), Mehman Hüseynov (J1, +95 kq), İlham Zəkiyev (J1, +95 kq), qadınlardan isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) təmsil ediblər.
Yarışda yalnız azərbaycanlı paralimpiya çempionları medal qazana bilib. Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev karyerasında 9-cu dəfə Avropa çempionu olub. Dürsədəf Kərimova isə gümüş medal əldə edib.
Bu, oxşar ilk hal deyil. May ayında Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qadın cüdoçumuz, paralimpiya çempionu Şəhanə Hacıyevanın da görmə ilə bağlı problemi olmadığı üzə çıxmış və o, yarışdan kənarlaşdırılaraq ömürlük paracüdo turnirlərindən uzaqlaşdırılmışdı.
Avropa çempionatında Azərbaycan yığmasının daha bir üzvünün yarışa buraxılmadığı məlum olub