Təcridxana, həyatı dərmanlardan asılı olan epilepsiya xəstəsinin müalicəsinə mane olur

Yeddi yaşından ağır epilepsiya xəstəliyindən əziyyət çəkən Yusif Mirzəyevə dərmanlarının çatdırılmasına maneə yaradılır. Bu barədə Y. Mirzəyevin anası Pərvanə Mirzəyeva məlumat verib.
Onun sözlərinə görə, hazırda Umbakı cəzaçəkmə müəssisəsində saxlanılan oğlu dərmanlarını qəbul etməsə, vəziyyəti ağırlaşa və həyatı təhlükə altına düşə bilər:
“Oğlum ağır epilepsiya xəstəsi olduğuna görə hər 3 aydan bir həkim müayinəsindən keçməli, dərmanlarının dozası dəqiqləşdirilməli və müalicəsi davam etdirilməli idi. Təəssüf ki, bu tibbi təminatların heç biri həyata keçirilmir. Hazırda isə Umbakı cəzaçəkmə müəssisəsində saxlanılan Yusifə həkim tərəfindən təyin edilmiş dərmanlar təqdim olunmur. Dərmanların vaxtında və fasiləsiz qəbul olunması üçün onları təhvil versək də, Yusifə verilmir.”

Yusif Mirzəyev iyunun 15-də Kürdəxanı təcridxanasından Umbakı cəzaçəkmə müəssisəsinə köçürülüb və problemlər bundan sonra başlayıb.

Ana oğlunun vəziyyətindən ciddi narahatdır və bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbərliyinə, eləcə də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) rəsmi müraciət ünvanlayıb. Pərvanə Mirzəyeva qeyd edir ki, hər an geri dönüşü olmayan bir hadisə baş verə bilər və buna görə də əlaqədar qurumların məsələyə dərhal reaksiya göstərərək Yusifə dərmanlarını çatdırmasını tələb edir.

Xatırladaq ki, Yusif Sübhan oğlu Mirzəyev 2023-cü il aprelin 19-da universitetdən evə qayıdarkən naməlum şəxslər tərəfindən saxlanılıb. Ona əvvəlcə narkotiklərlə bağlı (CM-nin 234.4.3-cü maddəsi) ittiham irəli sürülsə də, sonradan iş Dövlət Təhlükəsizlik Xidmətinə verilib və Yusif Mirzəyevə CM-nin 278.2-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə) ilə cinayət işi açılıb.

2025-ci il iyunun 11-də Yusif Mirzəyev 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.