Nur Xəstəxanasının birinci mərhələsi istifadəyə verildi

Qum şəhərində “Nur” ixtisaslaşmış və yüksək ixtisaslaşmış xəstəxanasının birinci mərhələsi təntənəli şəkildə istifadəyə verilib.

Açılış mərasimində böyük mərcə təqlid Ayətullah Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Seyyid Cavad Şəhristani, eləcə də hövzə alimləri, tibb mütəxəssisləri, Qum vilayətinin valisi, şəhər meri, Qum Tibb Universitetinin əməkdaşları və Həzrət Əbülfəzl Abbasın (ə) hərəmindən nümayəndə iştirak ediblər.

Layihənin təşəbbüskarı və himayədarı Ayətullah Cavad Şəhristani olub. Onun rəhbərliyi ilə başlanan tikinti işləri bir neçə il ərzində həyata keçirilib və nəticədə regionun ən müasir tibbi mərkəzlərindən biri ərsəyə gətirilib.

Xəstəxana ən yeni tibbi avadanlıqlarla təchiz olunub və müxtəlif ixtisaslar üzrə xidmət göstərəcək. Məqsəd Qum və ətraf bölgələrin əhalisinə yüksək keyfiyyətli müalicə imkanları yaratmaq, habelə səhiyyə infrastrukturunun inkişafına töhfə verməkdir.

Mərasimdə çıxış edənlər qeyd ediblər ki, bu cür layihələr dini rəhbərlərin və elm-təhsil mühitinin sosial sahələrə verdiyi dəstəyin bariz nümunəsidir.