“Kərimə” dövləti qurmaqda günahlandırılan dəstə üzvlərinə hökm oxundu

"Kərimə” dövləti qurmaq niyyəti ilə hakimiyyəti zorla ələ keçirməyə çalışmaqda təqsirləndirilən Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin məhkəməsinin yekun prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Arif Cümşüdov 17 il, Anar İsayev 17 il, Sənan Məmmədov 8 il, İqbal Axundov 8 il, Xəqani Məmmədov 8 il, Tərzan Qaraşov 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar cəzalarını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcəklər.

Qeyd edək ki, ittihama əsasən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirici vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən onlara Cinayət Məcəlləsinin 234.1-1-ci (qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və daşıma, külli miqdarda törədildikdə) və 278.2-ci (Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi) maddələri ilə ittiham irəli sürülüb.