Təl-Əvivdə növbəti etiraz aksiyası baş tutub

İsrail ordusunun Qəzzada törətdiyi qırğınlar oktyabrın 7-dən bu yana davam edir. Soyqırımda mühakimə olunan İsrailin baş naziri Benyamin Netanyahu beynəlxalq ictimaiyyətdə dəstəyini itirdikcə, Təl-Əviv küçələrində istefa səsləri yüksəlir.

Təl-Əvivdə toplaşan çoxlu sayda yəhudi Benyamin Netanyahu hökumətinin istefası, humanitar fəlakətin dərinləşdiyi blokadada olan Qəzza zolağına hücumların dayandırılması, atəşkəs və erkən seçkilərin keçirilməsi tələbi ilə müharibə əleyhinə etiraz aksiyası keçirib.

Təl-Əvivdə Müdafiə Nazirliyinin yanında İsrail bayraqları və pankartlarla toplaşan minə yaxın insan fit, korna və truba çalaraq hökumətə etiraz ediblər. Nümayişçilər əllərində İsrailin baş naziri Netanyahunun şəklinin üzərində “Cinayət Naziri”, “İsraili məhv edən” sözləri yazılmış plakatlar və hökuməti tənqid edən pankartlar qaldırıblar.

Müdafiə Nazirliyinin qarşısındakı yolun bağlanmasından sonra İsrail polisi nümayişçilərə piyada və atlı polislə müdaxilə edərək azı 3 nəfəri saxlayıb. Müdaxilə zamanı polislə nümayişçilər arasında gərginlik yaşanıb.

Təl-Əvivdə Müdafiə Nazirliyinin yaxınlığında toplaşan israillilər “İntiqamla qələbə yoxdur”, “Məskunlaşan terrorizmə son”, “Təhlükəsizlik ancaq sülh yolu ilə əldə oluna bilər”, “İşğal olanda demokratiya yoxdur” yazılı plakatlar qaldırıblar.

Fəallar İsrailin Qəzza zolağına hücumlarına etiraz edərək atəşkəsə çağırıblar.