Meydan TV əməkdaşlarının həbsi ilə bağlı bəyanat yaydı

Dekabrın 6-də saxlanılan MeydanTV-nin həbs olunan əməkdaşları ilə bağlı media orqanı bəyanat yayıb. Bəyanatda deyilir:
 
"Meydan TV rəhbərliyi olaraq bildiririk ki, jurnalistlərimizin saxlanılması, dindirilməsi qeyri-qanunidir və bütün bu ittihamları rədd edirik.
Fəaliyyətə başladığımız gündən, jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub.
Saytımız 2017-ci ildən etibarən ölkə sərhədləri daxilində rəsmi olaraq qadağan edilib. Kanalın sosial media hesabları dəfələrlə kiberhücuma məruz qalıb və məlumat, materiallar silinib.
Meydan TV yarandığı gündən bu yana ölkədə baş verən hadisələri, vətəndaşların problemlərini, onların şikayət və müraciətlərini düzgün şəkildə ictimailəşdirməyə çalışır.
Məqsəd də ölkədə müstəqil və alternativ media qurumu formalaşdırmaq və insanları məlumatlandırmaqdır. Yarandığımız gündən bəri bizə edilən təzyiq və ittihamlar əsassızdır və bir daha qeyd edirik ki, biz jurnalistika fəaliyyətimizə davam edəcəyik".
 
Xatırladaq ki, dekabrın 6-da MeydanTV ilə əməkdaşlıq etmiş Aytac Tapdıq, Xəyalə Ağayeva, Aynur Elgünəş, Natiq Cavadlı və müstəqil jurnalist Ramin Deko saxlanılıb.
Daxili İşlər Nazirliyi açıqlayıb ki, Ramin Cəbrayılzadə ölkəyə "qeyri-qanuni xarici valyuta gətirməsi ilə" əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb. digər şəxslərin də eyni ittihamla araşdırma aparılması üçün saxlanldığı qeyd edilib.