Netanyahu əleyhinə nümayişlər bu həftə yüz minlərlə insanın iştirakı ilə davam edib

İsraillilər bu həftə şənbə axşamları nümayişlərini davam etdirərək, Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi razılaşmasına mane olmaqda ittiham etdikləri Benyamin Netanyahunun başçılıq etdiyi hökumətin istefasını tələb ediblər.

Bu həftə İsrail boyu yüz minlərlə insan Qəzzada əsirlərin geri qaytarılması üçün imzalanacaq atəşkəs razılaşmasına dair istəksiz siyasi iradəni tənqid etdi və ölkə tarixindəki "ən sağçı hökumətin" istefası tələblərini təkrarladı.

Təl-Əviv, Hayfa və Qərbi Qüdsdə, eləcə də Netanyahunun iqamətgahının yerləşdiyi şimaldakı Qeysəriyyə şəhərində və ölkənin müxtəlif yerlərində hökumətin istefası və əsirlərin geri qaytarılması tələb edilib.

Təşkilatçıların açıqladığı rəqəmlərə görə, etirazların mərkəzi axşam saatlarında yüz mindən çox israillinin toplaşdığı paytaxt Təl-Əvivdə Müdafiə Nazirliyi binasının ətrafı olub.

Etirazçılar baş nazir Netanyahu və onun hökumətindəki siyasətçilərə qarşı pankartlar, plakatlar və bannerlər qaldırıblar.

Etirazçılar nağara və fit çalaraq, israilli məhbusları tez bir zamanda evlərinə qayıtmağa çağırıb, əllərində “Hamısı indi evə qayıdın” və “Kömək edin” şüarları qaldırıb, “Netanyahu, məhbusları azad et”, “Sən məsulsan, günahkarsan” və s. şüarları səsləndiriblər.

İsrail hökumətini atəşkəs razılaşmasını qəbul etməməkdə günahlandıran məhbus ailələri, mətbuatda Netanyahunun Qəzzaya hücumlarını Livana çevirəcəyi ilə bağlı xəbərlərin ardınca verdiyi açıqlamada bunun "Qəzza zolağındakı israilli məhbusları qurban vermək deməkdir" kimi tənqid edib.

İsrailli məhbusların ailələri Netanyahu hakimiyyətdə qaldıqca Qəzzada hücumların dayanmayacağını vurğulayıblar.

İsrailli nümayişçilər toplaşdıqları Müdafiə Nazirliyinin qarşısına Begin küçəsindən yürüş etmək istəyiblər. Polis süvari birlikləri ilə qrupa müdaxilə edib. Polis yürüşə davam etmək istəyən bəzi nümayişçiləri saxlayıb.

Qərbi Qüdsdə hökumətin istefasını və Qəzza zolağındakı əsirlərin geri qaytarılması üçün bir an əvvəl razılaşmanın imzalanmasını istəyən israillilər etirazlarını davam etdiriblər.