Jurnalistləri Müdafiə Komitəsi “Meydan” TV-nin jurnalistlərinin saxlanılmasını pisləyib

Nyu-Yorkda yerləşən Jurnalistlərin Müdafiəsi üzrə Beynəlxalq Komitə Azərbaycanda altı jurnalistin və KİV əməkdaşının, o cümlədən  “Meydan” TV-nin 5 əməkdaşının və bir jurnalist-frilanserin saxlanılmasını pisləyib.

"Günortaya yaxın müstəqil jurnalist Ramin Cəbrayılzadə (Ramin Deko kimi də tanınır) qonşu Gürcüstandan gələrkən Bakı hava limanında saxlanılıb. Orada o, Avropayönlü etirazları işıqlandırıb. Eyni zamanda, şəhərin müxtəlif yerlərində hüquq - mühafizə orqanları Almaniyada yerləşən müstəqil KİV - “Meydan” TV ilə əməkdaşlıq edən Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aynur Elgüneş və Aysel Umudovanı saxlayıblar", - Komitənin bəyanatında bildirilir.

Altı nəfərin hamısı qanunsuz valyuta qaçaqmalçılığında şübhəli bilinərək Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb, Komitə “Meydan” TV-yə istinadən bildirib. Saxlanılan jurnalistlərin bəzisinin mənzilində axtarış aparılıb.

" Bakıda Birləşmiş Millətlər Təşkilatının COP29 iqlim konfransının başa çatdığı vaxtda “Meydan” TV-nin bir neçə jurnalistinin saxlanılması Azərbaycan hakimiyyətinin KİV-ə qarşı amansız təqibləri davam etdirmək niyyətinin əlaməti, həm  Birləşmiş Millətlər Təşkilatına, həm də bu yaxınlarda azərbaycanlı rəsmi şəxslərin əlini sıxmaq üçün Bakıya gələn demokratik hökumətlərə şillədir", - Komitənin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid bildirib.

"Azərbaycan hakimiyyəti Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aynur Elgünəş, Aysel Umudova və Ramin Dekonu, eləcə də son aylarda analoji ittihamlarla həbs edilmiş ondan çox digər aparıcı jurnalisti dərhal azad etməli və müstəqil mətbuata qarşı görünməmiş hücumu dayandırmalıdır", - o əlavə edib.

Komitənin bəyanatında göstərilir ki, Daxili İşlər Nazirliyi bildirib ki,  jurnalistlər "ölkəyə qanunsuz xarici valyuta gətirməklə" əlaqədar saxlanılıblar.

“Meydan” TV rəhbərliyi "bütün ittihamları" təkzib edib və jurnalistlərin saxlanılmasını və dindirilməsini "qanunsuz" adlandırıb, Komitə qeyd edib.

Son bir ildə Azərbaycan hakimiyyəti ən azı 15 jurnalisti öz  işinə görə qisas almaq üçün ağır cinayət törətməkdə ittiham edib, onlardan 13-ü ilkin həbsdədir. Dəmir barmaqlıqlar arxasında olanların əksəriyyəti Azərbaycanın qalan son müstəqil KİV-ində çalışır və Qərb donorlarından vəsait alınması ilə bağlı valyuta qaçaqmalçılığı ittihamlarına məruz qalırlar, Komitə xatırladır.

 

 

Turan.az