Yəməndən İsrailin iki strateji hədəfinə zərbələr endirib

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri sionist rejimin Eylat limanı və Negev bölgəsində iki strateji hədəfə pilotsuz uçuş aparatları ilə zərbələr endirildiyini bildirib.

Əl-Cəzirə telekanalının məlumatına görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri iki fazalı hərbi əməliyyatda eyni vaxtda işğal olunmuş ərazilərdə iki sionist hədəfə qarşı üç pilotsuz uçuş aparatının (PUA) buraxıldığını açıqlayıb.

Yəmən Silahlı Qüvvələrinin bəyanatına görə, bu PUA-lardan ikisi Negev bölgəsində əsas hərbi hədəfi, üçüncü PUA isə Eylat limanını hədəf alıb.

Bəyanatda qeyd olunub ki, Yəmən öz imkanları çərçivəsində Qəzzaya hücum və mühasirəyə qarşı çıxmaq, ərəb və İslam ölkələrinə qarşı hücumları rədd etmək üçün öz rolunu oynayır.

Səri bildirib ki, Yəmən Silahlı Qüvvələrinin əməliyyatları Qəzzaya hücumlar dayandırılana və bu bölgədəki mühasirə götürülənə qədər davam edəcək.