Ədalət

Siyasi Məhbus Seyfəddin Şirvanov 15 saylı cəzaçəkmə müəssisəsindən yazır:
Bağışlayan və Mehriban Allahın adı ilə
Ədalət – hər kəsin tələb etdiyi və heç kəsin əməl etmədiyi bir məfhum
Hər birimizin zehnində “ədalət” anlayışı mövcuddur. Bunun leksik mənası “hər şeyi öz yerində qərar vermək”dir. Bu sözün ziddi isə “zülm”dür. Yəni “heç bir şey öz yerində deyil”dir. İctimai ədalətə gəlincə, bunun mənası insan hüquqlarının tapdalanmaması, hər kəsə ləyaqətinə uyğun qiymət verilməsidir.
Allah Qurani-Kərimdə Maidə surəsinin 8-ci ayəsində belə buyurur: “... Ədalətli olun! Bu, təqvaya daha yaxındır.”
Allah Təala bu ayədə hər kəsdən ədalətli olmağı, digərləri ilə, hətta düşmənlərlə ədalətlə davranmağı əmr edir. Bu əmrin icrası isə hər kəsə vacibdir. İnsan hətta özünə qarşı da ədalətlə davranmalıdır ki, özünü vicdan məhkəməsində mühakimə edə bilsin. Belə olan surətdə təqvaya yaxınlaşmağı Allah bizə vəd vermişdir. Yəni ədalətsiz insan təqvasız insandır. Təqvasız insanın da heç bir ibadəti qəbul deyildir. (Maidə surəsi, 27). Buna görə də əməllərimizə diqqət etməli, davranışlarımızda ədalətə riayət etməyi özümüz üçün əsas meyar hesab etməliyik.
Seyfəddin Şirvanov
08.02.2022
15 saylı cəzaçəkmə müəssisəsi