Tarix boyu batil  haqqa qarşı susmayıb, biz niyə susaq?!

İmam Hüseynin (ə) Kərbəlada etdiyi ilahi qiyam zalım hakimiyyətlərə qarşı olan haqq nidası idi. Bu nida təkcə bir dövrə deyil, bütün zamanlara ünvanlanmış çağırış idi: "Mən zillətə boyun əymərəm!" Bu çağırış İslamın ruhunu yaşadan bir məktəbə çevrildi.
Lakin haqq nurunu söndürmək istəyənlər hər zaman olub. Tarix boyunca İslam düşmənləri Kərbəla hadisəsini ya təhrif etməyə, ya da tamamilə unutdurmağa çalışıblar. Onlar bu böyük vaqiənin üzərinə pərdə çəkmək üçün münafiqlərdən, saxta alim və tarixçilərdən, uydurma hədislərdən istifadə edərək camaat arasında çaşqınlıq salıblar. Quranın təbiri ilə desək haqqa batil donu, batilə haqq donu geyindirmək istəyiblər. Qurani-Kərimdə buyurulur:

وَلَا تَلْبِسُوا الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُوا الْحَقَّ وَأَنْتُمْ تَعْلَمُونَ

"Haqqa batil donu geydirməyin və bilə-bilə haqqı gizlətməyin." (Bəqərə, 42)

Bu gün də eyni siyasət davam edir. İslam düşmənləri müxtəlif adlar altında – "alim", "filosof", "tədqiqatçı", hətta "din xadimi" qiyafəsində – İmam Hüseynin (ə) qiyamını adi bir siyasi münaqişə kimi təqdim etməyə, Kərbəlanın mesajını susdurmağa çalışırlar. Onların məqsədi aydındır: insanları İmam Hüseyndən (ə), dolayısıyla Allahdan uzaqlaşdırmaq...

Bunun bariz nümunələrindən biri də Aşura gününün 9 Məhərrəmə (5 iyula) keçirilmə cəhdidir. Bu, sadə bir tarix dəyişikliyi deyil, bu, Kərbəla həqiqətinin təhrifidir, xalqı Hüseyni matəm və mesajdan məhrum etmək cəhdidir. Unutmayın, mömin bəsirətli olmalıdır. O, batili haqq libasında təqdim edənləri tanımalı, düşmənin hiyləsini başa düşməli, Qurani-Kərimin bu xəbərdarlığını unutmamalıdır:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ جَاءَكُمْ فَاسِقٌ بِنَبَإٍ فَتَبَيَّنُوا....

"Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, onu araşdırın..." (Hucurat-6)

Hər bir möminin vəzifəsidir ki, gördüyü təhriflərə susmasın, haqqı müdafiə etsin, başqalarını da agah etsin.