Paşinyan Türkiyədə tarixi səfərdədir

Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 20-də İstanbula səfər edib. 

Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Paşinyan bu ölkəyə bu səviyyədə səfər edən ilk Ermənistan lideri kimi tarixə düşüb. 

O, daha öncə 2023-cü ildə Ərdoğanın andiçmə mərasimində iştirak üçün Türkiyəyə gəlib. 

Liderlərin iki ölkə sərhədinin açılma perspektivlərini və ümumilikdə ölkələr arasında sülh prosesini müzakirə edəcəkləri gözlənilir. 

1993-cü ildə Kəlbəcərin işğalına cavab olaraq Ermənistanla quru sərhədini bağlayan Türkiyə hələ də sərhədi bağlı saxlayır. 2020-ci ildə Azərbaycanın Qarabağ müharibəsində qalib gəlməsindən sonra Türkiyə və Ermənistan münasibətlərin normallaşdırılması üçün elçilər təyin ediblər. 

Üstündən 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, münasibətlərin normallaşdırılmasında ciddi addımlar atılmayıb. 

Paşinyan İstanbulda səfər çərçivəsində Türkiyənin erməni icması ilə görüşüb. 

Baş nazirin ofisindən verilən məlumatda deyilir ki, o, səfərinin Türkiyə ilə yeni başlayan dialoq nəticəsində reallığa çevrildiyini bildirib. Paşinyan Ərdoğanla planlaşdırılan görüşün vacibliyini qeyd edib və bu görüşün ikitərəfli münasibətlərə yeni təkan verəcəyinə ümid etdiyini bildirib. 

“Baş nazirin sözlərinə görə, səfər Ermənistan–Türkiyə dövlətlərarası münasibətlərinə əsaslanır və hazırda gedən proses münasibətlərin qurulması gündəliyidir, bu isə hər iki ölkənin maraqlarından irəli gəlir. Eyni zamanda, Baş nazir Paşinyan Türkiyədəki erməni icmasının dövlətlərarası münasibətlərin qurulması və dialoqun dərinləşdirilməsi prosesindəki rolunu vurğuladı”, - məlumatda qeyd olunur.