AŞPA məruzəçisi İqbal Əbilovla bağlı həbs qərarını pisləyib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə baş məruzəçisi Azade Royhan azərbaycanlı talış tarixçi və etnoqraf İqbal Əbilovun vətənə xəyanət ittihamı ilə məhkum edilməsinə dair mayın 22-də bəyanat yayıb.

"Talış Milli Akademiyası xəbərləri" jurnalının baş redaktoru, tədqiqatçı İ.Əbilova 18 il həbs cəzası kəsilib.

AŞPA-nın baş məruzəçisi bildirib ki, o, Əbilovun vətənə xəyanət və nifrətə təhrik ittihamları ilə 18 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı məhkəmə hökmündən dərin narahatlıq keçirir.

"İttihamların faktiki əsası onun erməni alimlərlə peşəkar əlaqələrinə dayanır. Halbuki Əbilov tarixçi və etnoqraf kimi talış azlığının tarixi və mədəniyyəti üzrə tədqiqat aparıb", - o bildirib.

Məruzəçisi xatırladıb ki, akademik azadlıq tədqiqat aparmaq, bilik və həqiqəti maneəsiz yaymaq hüququ söz azadlığı hüququ ilə qorunur: "Akademik azadlıq demokratik cəmiyyətlərin təməl sütunlarından biridir və tədqiqatçılar hər cür siyasi müdaxilədən qorunmalıdır".

"Mən Azərbaycan hakimiyyətini Əbilova qarşı irəli sürülmüş ittihamları təcili şəkildə yenidən nəzərdən keçirməyə və onu — insan hüquqları müdafiəçiləri, jurnalistlər və akademiklər də daxil olmaqla — digər bütün şəxslərlə birlikdə azad etməyə çağırıram", - AŞPA-nın baş məruzəçisinin bəyanatında vurğulanır.