Bəxtiyar Hacıyev COP 29-un prezidentinə müraciət edib

Həbsdə olan hüquq müdafiəçisi Bəxiyar Hacıyev COP 29-un Prezidenti Muxtar Babayevə müraciət edib. Hacıyev COP 29 konfransı qabağı siyasi motivlərlə və dini inanclarına görə həbsdə olan insanların azad edilməsi üçün ölkə rəhbərliyi qarşısında məsələ qaldırılmasını xahiş edir.

Müraciətdə deyilir ki, COP 29 kimi mötəbər tədbirin qəlbində, mərkəzində vətəndaş cəmiyyətinin iştirakçılığı durur.

“Dünyanın diqqətinin hər gün daha çox ölkəmizə yönəldiyi bu aylarda biz, siyasi məhbuslar, vətəndaş cəmiyyətinin tanınmış simaları COP 29-un girovuna çevrilməməliyik. COP 29 sadəcə ekoloji konfrans yox, həm də iqtisadi və siyasi tədbirdir. Qlobal iqlim dəyişikliyinin müzakirə ediləcəyi tədbir ölkəmizin daxilindəki siyasi iqlimin pisləşməsinə yox, yaxşılaşmasına xidmət etməlidir. Bütün bunları nəzərə almağınızı, ölkə rəhbərliyi və COP 29-un təşkilat komitəsi ilə siyasi motivli həbsdə olanların azad edilməsi məsələsini müzakirə etməyinizi, ölkədə siyasi temperaturu aşağı salmaq üçün addımlar atmağınızı xahiş edirəm”, sənəddə qeyd edilir.

Hacıyevin yazdığına görə, nüfuzlu beynəlxalq təşkilatların da təsdiq etdiyi kimi Azərbaycanda onlarla jurnalist, bloger, vətəndaş cəmiyyəti fəalları “siyasi motivlər və qondarma ittihamlarla açılmış cinayət işi çərçivəsində həbsxanalarda saxlanılır. Eyni zamanda yüzlərlə inanclı şəxs də dini baxışlarına görə şərlənərək həbsə atılıblar. Dini və siyasi motivli həbslərlə bağlı rəsmi şəxslərə süni şəkildə uzadılan istintaq və məhkəmə prosesləri ilə bağlı müraciət etdikdə bildirilir ki, saxlanılan şəxslər ölkəmizin ev sahibliyi edəcəyi COP 29 ərəfəsində azad ediləcəklər”, hüquq müdafiəçisi müraciətində qeyd edir.

Eyni zamanda, Azərbaycan hökuməti ölkədə iradəsinə görə insanların təqib edilmədiyini bildirir. Rəsmi Bakı insanların qanun qarşısında bərabər olduğunu, bütün fundamental azadlıqları tam təmin edildiyini iddia edir.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb. Onunla Ülviyyə Alovlu (Muradova) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə zorakılıq tətbiq edib.

Ötən il iyunun 16-da fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələləri - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Həmin ilin noyabrda ona qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. Fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Daxili İşlər Nazirliyi bu ittihamların əsassız olduğunu bəyan edib.

 

Turan.az