Ədliyyənin inanclıları ciddi rejimli müəssisələrə qanunsuz köçürülməsi davam edir

Süni bəhanələr uyduran Penitensiar Xidmət hər vəchlə inanclıları qapalı ciddi rejimli müəssisəyə köçürməyə çalışır. Bu məsələnin etirazlarla qarşılaşmasına baxmayaraq Ədliyyənin işgəncə maşını heç bir məntiqə sığmayan bəhanələr uyduraraq günahsız məhbusları əzməyə davam edir. Bu qurbanlar sırasında yer alan Nağıyev Məftun Şahinin oğlu aprelin 26-da təcridxanadan 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Artıq neçənci məhbusdur ki, eyni ssenari nümayiş etdirən 6 saylı müəssisə təkrar bəhanəni Məftun üçün də həyata keçirib.

Müəssisəyə gələn andan cəza karserinə salınan inanclı 9 gündən sonra karserdən karantin otağına gətirilib. Yəqin müəssisə rəhbərliyi anlayıb ki, onun müəssisəyə gələn kimi karserə salınması onların qanunsuz əməllərini aydın ifşa edə bilər. Buna görə də 9 gündən sonra karantinə köçürülən inanclı güya burada dini təbliğ etmə bəhanəsi ilə 6 gün sonra iyunun 4-də növbəti dəfə karserə salınır.

Karantin otağında iki nəfərlə qalan Məftunun dini təbliğ etməsi Ədliyyənin, xüsusi olaraq 6 saylı müəssisənin elə gülüc və məntiqsiz arqumentidir ki, bu yalnız onların səviyyəsində olanlar üçün inandırıcı görünə bilər. Bu sadə bir həqiqəti ortaya qoyur ki, hakimiyyət inanclını narkotik, yoxsa din təbliği ilə ittiham edə bilmir. Eyni halda bu yalan inanclılar üzərindən təkrar iddia olaraq son dövrlər o qədər populyarlaşıb ki, bu müəssisə rəhbərliyinə işin inandırıcı olması üçün yeni səbəb düşünmə siqnalı verməlidir.

Mövcud davranışlarla razılaşmayan Məftunun ailəsi iyunun 14 də bir neçə inanclı ailəsi ilə Prezident Admestrasiyasının önündə mövcud qanunsuzluqlara etiraz edərək aksiya keçirib. Admestrasiyadan onları qəbul edən rəsmlər işə baxacaqlarına söz veriblər.

Xatırladaq ki, 2023-cü il aprelin 9-da saxlanılan Məftun Nağıyev saxta narkotiklə bağlı ittiham olunub. Lənkəran ağır cinayətlər məhkəməsi 2023-cü il noyabrın 13-də Məftun Nağıyevi ittihamla müqəssir bilərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.