TASS xəbər verir ki, Snouden Rusiya pasportu alıb

Operativtv.com Amerikanın Səsi-nə istinadən xəbər verir ki, cümə günü ABŞ kəşfiyyatının keçmiş podratçısı, Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi nəzarətinin miqyasını ifşa edən Edvard Snouden Rusiyaya sədaqət andı içib və Rusiya pasportu alıb.

Snoudenin vəkili Anatoli Kuçerena TASS dövlət xəbər agentliyinə deyib: "Bəli, o [pasport] aldı, and içdi".

39 yaşlı Snouden xəbərə şərh istəyən mesaja dərhal cavab verməyib.

Rusiya Prezidenti Vladimir Putin ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş zabiti Edvard Snoudenə sentyabr ayında Rusiya vətəndaşlığı verib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) və Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş əməkdaşı 2013-cü ilin iyun ayının əvvəlində "The Guardian" və "The Washington Post" qəzetlərinə Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi məlumatlarını ötürməklə tanınır. Bunlar mövcud informasiya və kommunikasiya şəbəkələrindən istifadə etməklə, dünyanın bir çox ölkəsinin vətəndaşları arasında rabitənin Amerika kəşfiyyat xidmətlərinin ümumi nəzarətinə aid məlumatlar idi.

Əsasən də Milli Təhlükəsizlik Agentliyinin Almaniya kansleri Angela Merkel də daxil olmaqla, müxtəlif dövlətlərin 35 yüksək vəzifəli rəsmisinin telefon danışıqlarını dinlədiyi məlum olub. Pentaqonun məxfi hesabatına görə, Snouden 1,7 milyon gizli fayl oğurlayıb.

2013-cü ildə Snouden qiyabi olaraq casusluqda və dövlət əmlakını oğurlamaqda ittiham olunub. Tezliklə o, ABŞ-dan qaçaraq əvvəlcə Honq-Konqa, sonra Rusiyaya gedib. Şeremetyevo hava limanının tranzit zonasında bir aydan çox qaldıqdan sonra 2013-cü il avqustun 1-də Snouden Rusiya Federasiyasında müvəqqəti sığınacaq, bir il sonra isə müvəqqəti yaşamaq icazəsi alıb.

Snoudenin müdafiəçiləri onu ABŞ-ın casusluğunun miqyasını ifşa etdiyinə görə müasir dövrün dissidenti kimi alqışlayır.

Opponentlər isə deyir ki, o, Qərb casuslarının düşmən dövlətləri və yaraqlıları dinləmək üçün istifadə etdikləri gizli üsulları ifşa edərək həyatları təhlükəyə atan xaindir.