Sudanda müvəqqəti hərbi hakimiyyətlə müxalifət qüvvələri arasında saziş imzalanıb

 Sudanı idarə edən hərbi hakimiyyət sivil və vətəndaş qüvvələri ilə keçid dövrünün mexanizmləri barədə razılıq əldə edib və saziş imzalayıblar.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Sudanda çevrilişdən sonra hakimiyyəti ələ keçirmiş hərbçilərin qurumu, “Sudanın Suverenlik Şurası” ilə digər sivil qüvvələr arasında qarşıda gələn keçid dövrünün mexanizmlərini müəyyənləşdirən razılaşma mövzusunda saziş imzalanıb.

Məlumata görə, bu sazişdə keçid hakimiyyətinin hərbi qüvvələrin iştirakı olmadan tam demokratik və sivil olması qeyd edilir, habelə siyasətdən uzaq, peşəkar ordunun qurulması ilə nəticələnən tələblər yer alır.

Keçid dövrü ilə əlaqədar olaraq, bildirilib ki, bu dövr, siyasi bəyannaməni imzalayan vətəndaş partiyaları ilə məsləhətləşmələr əsasında inqilab qüvvələri tərəfindən seçiləcək müvəqqəti baş nazirinin təyin edildiyi gündən başlayaraq 24 ay müddətində olacaq.

Həmçinin, Konstitusiya Layihəsi Komissiyasının nəzarəti altında Sudan konstitusiya layihəsinin hazırlanması üçün hərtərəfli prosesə başlanılması barədə razılıq əldə edilmişdir.