Putin əsgər anaları ilə görüşdə medianı “yalan” xəbərlər yaymaqda ittiham edib

Operativtv.com Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin cümə günü Ukraynada döyüşən rus əsgərlərin anaları ilə görüşündə mediada, onun sözlərinə görə, Moskvanın Ukraynada apardığı hərbi kampaniyanın yanlış işıqlandırılmasını tənqid edib.

“Həyat televiziya ekranlarında və yaxud hətta internetdə göstərildiyindən daha çətin və müxtəlifdir,” Putin deyib.

Onlarla qadının iştirakı ilə keçirilən görüş yaxınlarda döyüş meydanındakı geriləmələr fonunda orduya çağırış səylərinin davam etdirilib-etdirilməyəcəyi ilə bağlı qeyri-müəyyənliyin hökm sürdüyü bir vaxta təsadüf edib.

Kremlin paylaşdığı görüşün stenoqramı və şəkillərinə əsasən, Putin deyib ki, o bəzən əsgərlərlə birbaşa telefonla danışır.

“Mən əsgərlərlə danışmışam və onlar məni öz əhval-ruhiyyələri, məsələyə münasibətləri ilə heyrətə saldılar. Onlar məndən zəng gözləmirdilər.. bu telefon danışığından sonra mənim onların qəhrəman olduğunu demək üçün bütün səbəblərim var,” Putin deyib.

Bəzi əsgərlərin qohumları görüşə dəvət olunmadıqlarına görə şikayətləniblər və birbaşa olaraq Putinin rəhbərliyini, habelə bu yaxınlarda həyata keçirilən “qismən səfərbərliyi” tənqid ediblər. Rəsmilər həmin səfərbərlik nəticəsində ehtiyatda olan 300 min əsgərin çağırıldığını bildirib.

Biz gözləyirik

Səfərbər olan əsgərlərin qohumlarının təşkil etdiyi hərəkat olan Analar və Arvadlar Şurasından Olqa Tsukanova Telegramda yerləşdirilən video mesajında deyib ki, rəsmilər onun təşkilatının sorğu və tələblərinə məhəl qoymayıblar.

“Biz burada, Moskvada sizinlə görüşməyə hazırıq. Biz sizin avabınızı gözləyirik,” o, Putinə birbaşa müraciətində deyib.

“Bir tərəfdə müdafiə nazirliyində, hərbi prokurorluqda kişilər, prezident administrasiyasında güclü kişilərimiz… digər tərəfdə isə analar var. Siz dialoq başladacaqsınız, yoxsa gizlənəcəksiniz?” o, mesajında sual edib.

Rusiyada bəzi KİV-lər tərəfindən təsdiq olunmayan məlumatlarda cümə günü Putinlə görüşən qadınların bəzilərinin Kreml tərəfdarı sosial hərəkatların, Vahid Rusiya partiyasının üzvləri və yaxud Putin hökumətini dəstəkləyən yerli rəsmilər olduğu deyilir.

Rusiyanın “Əsgər Anaları Komitələri İttifaqı” təşkilatından Valentina Melnikova bu həftənin əvvəlində müstəqil “Verstka” nəşrinə bildirib ki, təşkilatın üzvləri də iclasa dəvət olunmayıb.

Səfərbər olunan əsgərlərin qohumları oktyabr ayından bəri Rusiyanın ondan çox bölgəsində etiraz aksiyaları təşkil edərək, rəsmiləri qohumlarını cəbhə xəttində vəzifədən azad etməyə və onların müvafiq qida rasionu, sığınacaq və avadanlıqla təmin etməyə çağırır.