Almaniya şiə alimini ölkədən qovur

Almaniyanın Hamburq şəhərinin səlahiyyətliləri cümə axşamı Hamburq İslam Mərkəzinin prezidenti Məhəmməd Hadi Müfəttihin Almaniyadan deportasiya edilməsinə dair qərarını açıqlayıb.

Qərara əsasən, Almaniya Daxili İşlər Nazirliyi Müfəttihə elan edib ki, o, sentyabrın 11-dək Almaniyanı könüllü tərk etməlidir, əks halda zorla deportasiya ediləcək.
Müfəttih 2018-ci ilin yayından Hamburq İslam Mərkəzinin rəhbəri idi.

Almaniya Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, bu qərar yerli kəşfiyyat idarəsinin Hamburqda apardığı araşdırma nəticəsində qəbul edilib və nəticədə mərkəzin Almaniyanın milli təhlükəsizliyinə təhdid olduğu qənaətinə gəlinib.

Almaniyanın “Bild” qəzeti və “NDR” radiosu daha əvvəl bu mərkəzin rəhbərinin deportasiya edilməsi barədə qərar verərək Almaniya Daxili İşlər Nazirliyinin bu mərkəzin internet səhifəsini və sosial media hesablarını bağladığını bildirmişdi.

Məhəmməd Hadi Müfəttihin deportasiya qərarı Almaniyada Hamburq İslam Mərkəzinin radikal ideyaları yaymaq bəhanəsi ilə iyul ayında bağlanmasından sonra verilib.

Media qurumları və Almaniya hökuməti 2023-cü ilin oktyabr ayından bu İslam mərkəzinə qarşı mühit yaratmağa davam edərkən bu ölkənin koalisiya hökumətini təşkil edən partiyalar parlamentə plan təqdim edərək bu dini və intellektual qurumun bağlanmasını tələb ediblər.

Keçən oktyabr ayında alman polisi bəzi əsassız iddiaları araşdırmaq səbəbi ilə Hamburq İslam Mərkəzinə və 7 federal əyalətdə 54 mərkəzə hücum edib. Eyni dövrdə Almaniya Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda Hamburq İslam Mərkəzi və ona bağlı qurumlar ictimai asayişə zidd hərəkətlərdə şübhəli bilinərək araşdırılıb, 7 federal əyalətdə 54 mərkəz yoxlanılıb. Bu açıqlamada heç bir sənəd təqdim edilmədən Hamburq İslam Mərkəzinin fəaliyyətinə qarşı iddialar irəli sürülüb.

Hamburq İslam Mərkəzi 1953-cü ildə Ayətullah Burucerdinin dəstəyi ilə Hamburqda yaradılıb və Almaniyanın mühüm və ən qədim İslam mərkəzlərindən biridir. Alman və fars dillərində jurnalların nəşri və məsləhət xidmətlərinin göstərilməsi bu mərkəzin fəaliyyət istiqamətlərindəndir. Bu İslam mərkəzində müxtəlif İslam mövzularında 6000-dən çox kitab adı olan kitabxana var.

 

 

Az.rasthaber.com