Eşq səfəri – Ərbəin

Bu gün Ərbəin -İmam Hüseynin (ə) şəhadətinin 40-cı günüdür. Dünyanın bir çox yerlərində keçirilən Ərbəin tədbirlərinin təbii ki, möhtəşəm təqdimatı Kərbəladadır. Artıq yüz illərdir ki, davam edən ənənə olaraq milyonlarla insan İmam Hüseynin (ə) əziz bacısı Xanım Zeynəbin (s.ə.) ilk zəvvar olaraq Kərbəla hadisəsindən sonra İmamın məzarını ziyarətə gəldiyi yürüşü bu gün də böyük hüzn, eyni halda İslamın vəhdət və birlik çağırışı fonunda icra etdirirlər.

Dünyanın müxtəlif nöqtələrindən bura axışan insanları birləşdirən bu eşqin sözlə ifadə edilməsi mümkün olmayan izahı heç bir məntiq tanımayan səhnədir. Bunun üçün yalnız söyləniləsi sətr bəşəriyyətin gözü önündə hər il yaşanan ağlasığmaz insan kütləsinin eşq qibləsinə doğru hərəkətidir.

Qürurla qeyd edilərək bu səfərə bütün quru sərhədlərin bağlı olma səbəbindən mürəkkəb, çətin və olduqca maddi sərfiyyat tələb edən gözəlliyə Azərbaycan inanclılarının qoşulmasıdır. Minlərlə Hüseyn (ə) eşqinə pərvanə olan aşiqlər hal-hazırda eşq mehrabında aşiq-məşuq gözəlliyindən feyz alırlar.

Azərbaycan zəvvarı təkcə Ərbəin ziyarəti üçün mürəkkəb tənliyə çevrilən sərhədlərin aşılması kimi qadağalar yaşamaqla məhdudlaşmır. O, səfərdən öncə ciddi araşdırmalar yaşayan anti-şiə hakimiyyət davranışları ilə üzləşdiyi kimi geri dönüşündən sonra da təhdid və həbslərlə qarşılaşacağını göz önünə alır. İllərdir şiələrin təzyiq altında olması bu gün sayları yüzləri aşan böyük həbs dalğasını yaradıb ki, bu siyahı durmadan artmağa davam edir. Hakimiyyət günahı Hüseyn (ə) sevgisi olan insanları hər növ məhdudiyyətə məruz qoyaraq, ölkədə bütün şiə dini dəyərlərini sərt qadağalayıb. Bununla yanaşı, o, bu inancın daşıyıcıları üzərində güclənən həbslərlə qorxu mühiti formalaşdırmağa cəhd edərək şiəliyin varlığında köklü dəyişikliklə onu öz istəkləri səviyyəsində idarəedilən vəziyyətə gətirməyə çalışır.

Zamanın xam xəyallarını yaşayanların 1400 illik bir zamanı adlayan bu və bu kimi cəhdləri sonunda şiə inanclısında daha möhkəm iradə mətinliyi yaranacağı təəssüf ki, bu xəyalpərəstlərin növbəti dəfə nəzər nöqtəsindən kənar qalıb.

Bu gün Ərbəində növbəti dəfə aşiqlər eşq qibləsinin ətrafına toplanaraq “Ləbbəyk ya Hüseyn” deyərək dünyanın ədalət şüarına öz haqq çağırışlarını qoşmaqla bir daha sədaqət andı içməkdədirlər. Onların bu eşqə qurban vermək üçün beyətləri bir daha Ərbəin günündə eşq səmasını bəzəməklə Hüseynin (ə) yoluna davam nümunəsini dünyaya nümayiş etdirir. Bu, Hüseyn (ə) eşqinin ağılları aciz qoyan ruhi təlatümüdür.