Hakimiyyətin daha bir tənqidçisi həbs edilib

Gənc politoloq Bəhruz Səmədovun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən vətənə xəyanətdə ittiham olunaraq saxlanıldığı bildirilir.
Səmədovun nənəsi Zibeydə Osmanova bu barədə “Turan”a məlumat verib.
Onun sözlərinə görə, Bəhruz Səmədov avqustun 21-i, saat 16:00 radələrində dostu ilə görüşmək üçün evdən çıxıb.
“Yarım saat sonra evimizə 5-6 nəfər gəldi, özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları kimi təqdim etdilər və Bəhruzdan narkotiklə məşğul olduğu haqqında şikayət olduğunu dedilər.
Onlar evdə axtarış apardılar və Bəhruzun kompüterini, pasportunu, xarici ali məktəbləri bitirdiyinə dair iki diplomunu, ingilis dilində içində Bəhruzun məqaləsi olan kitabı götürdülər. Heç bir narkotik tapmadılar”, - Zibeydə Osmanova bildirib.
Fəalın nənəsi əlavə edib ki, sonradan özünü Vəfa kimi təqdim edən bir vəkil ona zəng edərək Bəhruzun “dövlətə xəyanətdə” şübhəli bilindiyini, guya ermənilərlə yazışmasının aşkar edildiyini, onların sifarişi ilə məqalələr yazdığını deyib.
Zibeydə Osmanova bu ittihamları təkzib edib:
“Bəhruz elmi araşdırmalarla məşğul idi. O, Çexiyada Çarlz Universitetində doktoranturada oxuyur. Bir ay əvvəl tətilə gəlib”, deyən Osmanova Bəhruz Səmədovun bu gün geri qayıdacağını da sözlərinə əlavə edib.
Praqadakı Çarlz Universitetində PhD namizədi olan Bəhruz Səmədov hökumətin kəskin tənqidçisi olub və tez-tez OC Media və digər nəşrlər üçün Azərbaycan siyasəti ilə bağlı yazılar yazıb.
Hələlik nə Daxili İşlər Nazirliyindən, nə Dövlət Təhlükəsizlik Xidmətindən Bəhruz Səmədovun saxlanılması ilə bağlı rəsmi açıqlama verilib.
 
Azadlıq Qəzeti