Saxlanılan hərəkat üzvünə cinayət işi açılıb (yenilənib)

Dekabrın 6 da işlədiyi "20 Yanvar" dairəsi yaxınlığında naməlum şəxslər tərəfindən saxlanılan Müsəlman Birliyi Hərəkatının üzvü Mirtofiq Hüseynov bu gün məhkəmə önünə çıxarılıb. Operativtv.com-a məlumat verən M. Hüseynovun ailə üzvüləri bildiriblər ki, Nəsimi rayonu 22-ci polis bölməsi tərəfindən saxlanılan Mirtofiq Hüseynov bu gün saxlanıldığı Nəsimi rayonunda məhkəməyə gətirilib. Haqqında cinayət məcəlləsinin 234.3.4-cü maddəsi ilə cinayət işi açılan gənc fəala 3 aylıq sanksiya verilərək o, azadlıqdan məhrum edilib. Son məlumatlara görə artıq Hüseynov Kürdəxana təcridxanasına köçürülüb.  

Xatırladaq ki, Mirtofiq Hüseynov dünən axşam 18:00 radələrində işdən evə dönərkən "20 Yanvar" dairəsi yaxınlığınan, dayanacaqdan naməlum şəxslər tərəfindən saxlanılaraq oğurlanmışdı. 

 

**********************************************************************************************************

 

26 noyabrdan aclıq aksiyasına başlayan hərəkat lideri Tale Bağırzadənin səhhəti ilə bağlı ziddiyyətli xəbərlər fonunda bu gün axşam radələrində daha bir hərəkat fəallarından saxlanılması ilə bağlı xəbər gəldi. Operativtv.com-a məlumat verən hadisə şahidlərinin bildirdiyinə görə MBH üzvü Mirtofiq Hüseynov işlədiyi “20 Yanvar” dairəsi yaxınlığında avtobus dayanacağından naməlum şəxslər tərəfindən saxlanılıb. Bu saxlanılma məlum olayın davamı olaraq gerçəkləşdiyindən hərəkat üzvüləri Mirtofiqin də həbs olunduğu qənaətindədirlər.

 Məlumat üçün deyək ki, noyabrın 23-dən bu günə qədər Şahin Qədirli, Nicat Əliyev və Samir Babayev saxlanılaraq barələrində narkotik ittihamı ilə cinayət işləri açılıb. Eyni formada gerçəkləşən Mirtofiq Hüseynovun da saxlaılması həbs sırasında onun da yer alacağını göstərir