“Müdafiə Xətti”-nin hüquq pozuntuları ilə bağlı 61 saylı bülleteni

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının 2022-ci ilin 14 noyabr-27 noyabr tarixləri arasında Azərbaycanda qeydə aldığı hüquq pozuntuları ilə bağlı 61 saylı bülleteni
15 noyabr 2022-ci il. Müsavat Partiyası İran İslam Respublikasının Bakıdakı səfirliyinin qarşısında piketə cəhd edib. Konstititsiyanın 49-cu maddəsinin və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələbləri pozulmaqla aksiyanın keçirilməsinə polis maneçiliyi yaradılıb. 35 nəfərə yaxın vətəndaş (ilkin məlumata görə cəmi 50-dən artıq, aksiyadan qabaq saxlanılanlar da daxil) saxlanılıb, polis avtomaşınlarında naməlum istiqamətdə aparılıb. Aksiyaçılardan Ərzulla Buludlu, Vətən Hüseynli, Əli Məmmədov, Əli Məmiyevə qarşı aşırı zorakılıq olub, jurnalist Mustafa Hacibəylinin başına şəxsiyyəti məlum olmayan polis əməkdaşı yumruq vurub. Jurnalistlərin fəaliyyətinə epizodik olaraq maneçilik törədildi. Dilarə Miriyeva və Fatimə Mövlamlı xəsarət alıblar. Əhəmiyyətli ərazidə mülkü şəxslərin hərəkət azadlığı bir saata yaxın məhdudlaşdırılıb.
16 noyabr 2022-ci il. İnzibati qaydada həbs edilən AXCP üzvü Rövşən Məmmədov bildirib ki, polis əməkdaşları ona işgəncə verib. Bu haqda onun vəkili Nemət Kərimli məlumat verib.
18 noyabr 2022-ci il. AY Partiyanın başqanı Anar Əsədlinin ölkədən çıxışına məhdudiyyət qoyulub. Anar Əsədli Ankaraya səfər etmək üçün hava limanında olub. Lakin bildirilib ki, ölkədən çıxışına stop qoyulub. Qadağanın DİN-nin struktur bölmələri tərəfindən qoyulduğu güman edilir.
22 noyabr 2022-ci il. Berlində yaşayan siyasi mühacir, bloqer Orxan Ağayev yaşadığı binanın yaxınlığında hücumə məruz qalıb, döyülüb. Hücum edənlər bıçaqla silahlanmış olublar və Orxan Ağayevə xəsarət yetiriblər. Orxan Ağayev xəstəxanaya yerləşdirilib. Onu döyən şəxslərin kimliyi müəyyən deyil. Ehtimal edilir ki, O. Ağayevi öldürmək fikirləri olub, lakin Ağayevin həyat yoldaşının hadisəni görməsi və olayı telefonla videoya çəkməsi onları bu fikirdən çəkindirib.
23 noyabr 2022-ci il. Saxta əsaslarla inzibati qaydada həbs edilən D18 (Demokratiya 18) Hərəkatının İdarə Heyətinin üzvü Afiaddin Mammadovun apellyasiya şikayətinə baxılıb, təmin edilməyib. Məlum olub ki, o, saxlanıldıqdan sonra polis idarəsinə gətirilib, orada fiziki zorakılığa məruz qalıb və telefonunun şifrəsini açmayacağı təqdirdə zorlanacağı ilə təhdid edilib. Bundan sonra Xətai RPİ-nin 37-ci PB-də saxlanılıb və onun adından protokollara saxta imzalar atılıb.
26 noyabr 2022-ci il. Müsəlman Birliyi Hərəkatı üzvü Qədirov Şahin Asif oğlu saxlanılıb. Onun narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edildiyi bildirilir. İnanclı şəxsin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edildiyi qeyd edilir.