KİV: Bekhemin sahibi olduğu klub Messini transfer etməyə yaxındır

İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhemə məxsus Şimali Amerika Futbol Liqası (MLS) klubu "İnter Mayami" Fransanın "PSJ" klubunun argentinalı hücumçusu Lionel Messini transfer etməyə yaxındır.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə "The Times" nəşri yazır.

Qəzetin mənbəsinə istinadla verdiyi məlumata görə, “İnter Mayami” Messinin mövsümün sonunda kluba keçəcəyinə ümid edir. Qeyd olunur ki, transfer olacağı təqdirdə 35 yaşlı argentinalı MLS tarixinin ən çox maaş alan futbolçusu olacaq.

Daha əvvəl “İnter Mayami”nin sahiblərinin futbolçunun atası və agenti Xorxe Messi ilə danışıqlar apardığı məlum olmuşdu. Bildirilir ki, argentinalı karyerasını bu klubda davam etdirməyə üstünlük verir.

ABŞ klubu futbolçunun yaxın aylarda müqavilə imzalayacağına ümid edir.