İŞİD-in üçüncü lideri də öldürülüb, təşkilat yeni liderin adını açıqlayıb

 İŞİD terror təşkilatı ötən gün liderinin öldürülməsi barədə məlumat yayıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İŞİD-in sözcüsü ötən gün yayımlanan səsyazısında lideri Əbul-Həsən Qurəşinin cari döyüşlərdə öldürüldüyünü bildirib.

Bu səsyazıda deyilib ki, təşkilatın yeni lideri Əbul-Hüseyn Hüseyni Qurəşidir. Əlavə edilib ki, Hüseyni Qurəşi də köhnə “mücahidlərdəndir.”

Bu arada ABŞ Ordusunun Mərkəzi Komandanlığı bu səsyazısına münasibət bildirib və iddia edib ki, Əbul-Həsən Qurəşi oktyabr ayında “Azad Suriya Ordusu” tərəfindən Suriyanın Dəra əyalətində öldürülüb. Bu iddia elə bir zamanda səsləndirilir ki, Suriya hökumətinin nəzarətində olan Dəra əyaləti son aylarda bəzi silahlı qrupların qarşıdurmalarının şahidi olub.

Qeyd edək ki, öldürülən şəxs 2014-cü ildən bu yana İŞİD-in üçüncü lideri hesab edilir. O terror təşkilatının Əbu-Bəkr əl-Bağdadi və Əbu-İbrahim Qurəşidən sonra üçüncü lideri idi.