İraqda dövlət bankından oğurlanan 2,5 milyard dolların bir hissəsi dövlətə qaytarılıb

Operativtv.com SHAFAQNA-ya istinadən xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şia əl-Sudani bir müddət əvvəl dövlət bankından oğurlanan 2,5 milyard dolların bir hissəsinin dövlətə qaytarıldığını açıqlayıb. Baş nazir Sudani paytaxt Bağdadda keçirdiyi mətbuat konfransında qaytarılan pullarla jurnalistlərin qarşısına çıxıb. “İstintaq aparan müvafiq komissiyalar oğurlanmış məbləğin 182 milyard dinarının (124 milyon 600 min dollar) qaytarılmasını təmin edib”. Sudani bildirib ki, bəzi dövlət qurumlarında çalışan şəxslər həmin pulların oğurlanmasına kömək ediblər. O, hazırda həbsdə olan Nur Zuheyrin oğurladığı bütün pulları geri qaytarmaq üçün məhkəmə tərəfindən zaminə buraxılacağını və bu şəxsin bütün pulları qaytarana qədər təhlükəsizlik qüvvələrinin nəzarətində qalacağını qeyd edib. İraqın baş naziri bəyan edib ki, Züheyrin mühakiməsi bütün oğurlanmış pullar qaytarıldıqdan sonra davam etdiriləcək.

İraqda oktyabrın 16-da Baş Vergi İdarəsinə məxsus 2,5 milyard dollarlıq əmanətin dövlət bankından oğurlandığı iddia edilib. Maliyyə Nazirliyi bu iddialarla bağlı araşdırmaya başlamaq üçün Şəffaflıq Qurumuna rəsmi məktub göndərildi. Şəffaflıq Qurumundan verilən yazılı açıqlamada mövzu ilə bağlı araşdırma başlanıldığı və məsələnin məhkəməyə qaldırıldığı bildirilib. Daxili İşlər Naziri Osman Qənimi oktyabrın 26-da verdiyi açıqlamada şübhəlilərdən Nur Züheyr adlı şəxsin şəxsi təyyarə ilə xaricə qaçmağa cəhd edərkən hava limanında xüsusi təyinatlı qüvvələr tərəfindən tutularaq həbs edildiyini söyləyib.