İran və Venesuela neft nazirləri dünya enerji bazarının vəziyyətini müzakirə ediblər

İran və Venesuela neft nazirləri qara qızılın bazarındakı mövcud vəziyyəti müzakirə ediblər.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Venesuela neft naziri ilə iranlı həmkarı Cavad Ouci arasında telefon danışğı baş tutub.

Məlumata görə tərəflər bu telefon danışğında dünya neft bazarında son vəziyyəti, habelə iki ölkə arasında sözügedən sahədəki əməkdaşlığı müzakirə ediblər.

Qeyd edək ki, İranın neft naziri və onun rəhbərlik etdiyi nümayəndə heyətinin bu ilin may ayında Venesuelaya səfəri zamanı neft və qaz yataqlarının işlənməsi və hasilatı, neftayırma zavodlarının yenilənməsi və neft emalı zavodları üçün kadr hazırlığı sahəsində bir sıra saziş və anlaşma memorandumu imzalanıb. Neft, qaz, neft-kimya sənayesi üzrə işçi qüvvəsinin və ekspertlərin iştirakı ilə mühəndis-texniki xidmətlərin göstərilməsi, müvafiq texnologiyanın transferi, xam neft, qaz kondensatı və neft məhsullarının ixrac bazarlarının inkişafı haqqında sazişlər də bu səfərdə imzalanıb.

Həmçinin İranın neft naziri bu ilin oktyabrında Venesuelada “El Palito” adlı ilk dəniz neft emalı zavodunun işə salındığını və bu zavodda ölkənin yataqlarından gündəlik 100 min barel xam neftin emalının həyata keçirildiyini elan edib.