İran BMT Təhlükəsizlik Şurasını İsrailin Suriyaya qarşı təcavüzünü pisləməyə çağırıb

 İran BMT Təhlükəsizlik Şurasından İsrailin Suriyaya intensiv təcavüzünü pisləməyi və lazımi addımlar atmasını istəyib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani deyib.

Əmir Səid İrəvani deyib: "Sionist rejimin Suriyanın suverenliyi və ərazi bütövlüyünü dəfələrlə pozması, insanları və mülki infrastrukturu hədəfə alması, xüsusilə hava limanları və humanitar yardım daşıyan gəmilərə hücumları, beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozaraq atdığı addımlar bu gün də davam edir."

İrəvani bildirib ki, İran Suriyanın beynəlxalq konvensiyalara uyğun olaraq özünü müdafiə etmək üçün qanuni hüququ olduğunu bildirir.

İranlı nümayəndə Təhlükəsizlik Şurasının iclasında əlavə edib ki, Suriyanın şimalında təhlükəsizlik və sabitlik yalnız bu ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunması və onlara tam hörmətlə təmin olunmaqla əldə edilə bilər.