İran BMT İnsan Hüquqları Şurasının qətnaməsinə münasibət bildirib

 İran, BMT İnsan Hüquqları Şurasının ölkədə insan hüquqları ilə bağlı ötən gün səsə qoyduğu qətnaməni pisləyib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi BMT-nin İnsan Hüquqları Şurasının qətnaməsini “ikili standart” və “ölkənin daxili işlərinə müdaxilə” kimi qiymətləndirib.

İran XİN-in bəyanatında deyilir: “İran, İnsan Haqları Şurasının növbədənkənar iclasının qərarı və bu Şuranın İrandakı son hadisələrlə bağlı mexanizm formalaşdırmasına qarşı çıxıb və onu lazımsız hesab edir."

Tehranın şiddətli təzyiqinə və Çinin qətnaməni əngəlləmək üçün son dəqiqə səylərinə baxmayaraq, şuranın 47 üzvünün əksəriyyəti İranın davam edən “etirazlara” reaksiyasına dair araşdırmanı dəstəkləyib.

Qətnamə 25 lehinə, 16 bitərəf və yalnız altı nəfər əleyhinə olmaqla qəbul edilib. Səsvermə Almaniya və İslandiyanın 50 ölkənin dəstəyi ilə tələb etdiyi təcili iclasın sonunda baş tutub.